Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə ali məktəbin cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələri üçün praktiki "ustad dərsləri" təşkil olunub.


Rekord.az xəbər verir ki, Milli komandaların Təlim-Məşq Bazasında keçirilən məşğələlər Yaponiyanın tanınmış cüdo mütəxəssislərindən biri, Tokai Universitetində məşq sisteminin formalaşmasında iştirak etmiş VIII dan Kenji Mitsumoto tərəfindən aparılır.


Praktiki dərslər zamanı tələbələrə cüdo texnikalarının tədrisi, məşq prosesinin təşkili və müasir məşq metodlarının tətbiqi ilə bağlı biliklər təqdim olunur. Məşğələlərdə ayrı-ayrı texniki elementlər əyani şəkildə nümayiş etdirilir, onların icra prinsipləri və tədris metodikası izah olunur.


"Ustad dərsləri"nin keçirilməsində məqsəd gələcəyin məşqçilərinin nəzəri biliklərinin praktiki hazırlıqla tamamlanmasına və beynəlxalq təcrübə ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.