Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevi 15 min manat cərimə elədi. "Zirə" ilə kubok matçından sonra baş hakim Əliyar Ağayevin idarəçiliyi haqqında səsləndirdiyi fikirlərə görə. Gözlənilən idi. Əlindən sürüşüb meydançanın kənarına düşən alışqanı "meydançaya atılan kənar əşya" gözündə görən komitənin ölkəyə səs salan açıqlamaya "laqeyd" qalmayacağı məlum idi.


Bəli, Ehtiram bəy həmin açıqlamanı isti başla, emosional şəkildə verdi, bəlkə də sonradan özü də düşünüb ki, gərək filan ifadəni işlətməzdim. Amma hər nə olur olsun, məsələnin motivi hakimliyə etiraz idi. Müsahibə zamanı şəxsən özüm də orda olmuşam. Orada Qiliyev AFFA rəhbərliyi, Hakimlər Komitəsi haqda bir kəlmə də artıq-əksik söz demədi. Bunu dini tərəfə də yönəltdilər, adam həmçinin kiminsə dini etiqadına toxunmadı. Ümumi olaraq sətiraltı dediyini düşünürsünüzsə, yenə də pis bir söz demədi. Yəni demək istədi ki, su içəndə Allahın, dinin buyurduğu formada edirsənsə, hakimliyi də elə etməlisən. Adamın bu sözündə dinin təhqir olunmasına dair hansı hüquqi əsası göstərə bilərsən ki? Bunları da qoyuram bir yana, mənə kəsilən cəzanın məbləği maraqlıdır. 15 min Ehtiram Quliyev üçün böyük pul olmaya bilər. Amma məsələ bu da deyil. Bu məbləğ nəyə əsasən təyin olunur? Danışdırsan İK deyəcək ki, biz müstəqil qərarlar qəbul edən komitəyik, qərarları da İK-nın nə bilim nizamnaməsinə, əsasnaməsinə əsasən qəbul edirik. Amma bu əsas vermir axı sən ora ürəyin istədiyin bəndi salasan, sonra da ona əsaslanıb kimə nə cəza gəldi yazasan. "Barselona" çıxdı oyundan sonra hakimliklə bağlı sərt bəyanat yaydı. Buna görə UEFA hansısa cəza kəsdi ki, bizim işgüzar nüfuzumuza xələl salmısınız? Əksinə, hakimi cəzalandırdılar.


AFFA onsuz da Əliyar Ağayevin səhvlərini etiraf etdi. Haqlı olan tərəfin 15 min manat cəzalandırılması hansı məntiqə sığır? Hər zaman demişəm, İK-da da islahatlar mütləqdi. Tərkbi ilə bağlı da, əsasnaməsi ilə bağlı da. Sən müstəqil qərarlar verə bilərsən, öz nizamnaməni yaza bilərsən, amma yekunda hər şey dövlətin qanunları fonunda olmalıdır. Bizdə ən ağır təhqir kiminsə şərəf və ləyaqətini alçaltmaqdır ki, cinayət məcəlləsinin 148-ci maddəsində bununla bağlı cəza 1000 manatdan 1500 manata qədərdi. Böhtanın cəzası da 147-ci maddədə elə bu qədərdi. Bir şəxsə bu maddələrlə bağlı ayrı-ayrılıqda cəza kəssən maksimum 3 min manat edir. İntizam Komitəsi hansı qanunlardan qaynaqlanaraq cəza mexanizmi tərtib edib ki, verdiyi cəza CM-də şərəf, ləyaqət və böhtana görə təyin olunan cəzadan 5 dəfə çoxdur?