“Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq” - Rəşad Sadıqov
- 18:00
- 24
"Zirə"nn baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan danışıb.
Rekord.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında oyunun gedişatını dəyərləndirərkən bunları söyləyib:
"Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Ssenari fərqli olsaydı, "İmişli" ilə matçda qazanılan 1 xal uğurlu hesab oluna bilərdi. Amma yaxşı oyunla 2:0 öndə olanda... Qəribə alındı. Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbədən ikisi qolla nəticələnir. Belə statistika olan qələbə qazanmaq çətindir. Növbəti oyunlarda bunu dəyişməyə çalışacağıq".
Rəşad Sadıqov penalti epizodlarına da münasibət bildirib: "Ətraflı baxmamışıq. Daha sonra baxacağıq. Çox da uzun-uzadı şərh etmək istəmirəm. Amma son dəqiqələrdə yersiz xırda foullar verilirdi və oyunun tepmi düşürdü. Artırılan vaxtın da 3 dəqiqə olması doğru deyil. Dünya futbolunda oyunlara 5-6 dəqiqə artırıldığını görürük. İki penaıtiyə görə VAR-a baxılmışdı, vaxt itkisi olmuşdu. Bunlar nəticəyə təsir edəcək şeylər deyil, amma oyunun gedişatına təsir edir".
Mütəxəssis hakim qərarlarına etiraz etməməsinin səbəbini də açıqlayıb: "Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Oyunlarda elə məqamlar olur ki... Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik".
Rəşad Sadıqov Azərbaycan millisinin son çıxışlarını da müsbət qiymətləndirib: "Yaxşı dəyərləndirirəm. Qrupu birinci yerdə başa vurdular. Ayxan müəllimi təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular".
Baş məşqçi Emin Mahmudovun milli komandadakı karyerasını başa vurmasına da münasibət bildirib: "Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olmağı təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq".