Əvvəl “top”umuzla, sonra topumuzla qayıtdığımız Xocavənd - REPORTAJ
- 15:20
- 36
Qədim türk torpağında futbol həyəcanı
2020-ci ilin oktyabrında 44 günlük Vətən müharibəsinin qızğın çağında erməni mediası və sosial şəbəkələrində maraqlı bir “futbol xəbəri” və ona aid şəkillər paylaşılmışdı. Orada Azərbaycan artilleriyasının Xocavənd stadionuna dəqiq top atəşindən sonra meydançanın ortasında nəhəng bir dəlik təsvir olunurdu. Ermənilər bunu böyük bir qalmaqala çevirmək istəsələr də, istəklərinə nail ola bilməmişdilər. Ordumuz isə atəşlə sanki bir mesaj vermişdi: bizim torpaqda bizdən icazəsiz “top-top” oynaya bilməzsiniz!
Ermənilər o stadionu 2019-cu ilin iyununda CONIFA-nın (Müstəqil Futbol Federasiyaları Assosiasiyası) dünya çempionatı üçün yenidən tikmişdilər. Separatçılar adını “Avaqyan Arena” qoyduqları bu məkanda “Cənubi Osetiya” ilə matçla açılış etmiş, lap “ağını çıxarmışdılar” (2021-ci ildə isə meydançanı bərpa edib, bilərəkdən 8 may tarixində yeni "açılış" matçı keçirmişdilər). Düşünürdülər ki, sonralar da istədiklərini edə biləcəklər. Bilmədilər.
Əvvəlcə, stadiona “top” atıb, həddlərini bildirmişdik. İndi isə dəri topumuzla gəlmişik bu Xocavənd şəhər stadionuna.
AFFA Region Liqasının 2026-27-ci illər mövsümündə Qarabağ zonası qrupunun 2-ci turu çərçivəsində yerli “Xocavənd” Futbol Klubu “Naftalan” komandasını məhz bu arenada qəbul edəcəkdi. Bundan xəbər tutan kimi, işğaldan azad olunmuş ərazilərdə bir komandanın keçirəcəyi öz ilk ev matçını yerində izləmək şansını qaçıra bilməzdim.
* * *
Səhər saat 06:55.
"20 yanvar" metrosundan 3 m/r dairəsinə gedən yolda, körpünün altında Beyləqana gedən taksilərdən birinə minməliyəm. Klubdan mənə "ora qədər gəl, sonrası asandır" deyiblər.
Bir neçə sürücü məni dövrəyə alır:
- Beyləqana 1 nəfər...
- Kim birinci çıxırsa, onunla gedəcəm.
- Gəl, mən çıxıram.
* * *
Saat 11:08. Beyləqanın mərkəzindən üzü Xocavəndə getmək üçün digər avtomobildəyəm. Maşında klubun nümayəndəsi İsgəndər, komandanın kapitanı İsmayıl və daha iki nəfər var. Azı 1 saatlıq yolumuz var. Qayıdış qəsəbəsi, Əhmədbəyli kəndi, ardınca yoxlanış məntəqəsi, Füzulini ötərək Xocavəndə istiqamət götürmüşük. Yolboyu şanlı ordumuzun necə böyük qəhrəmanlıq göstərdiyi, torpaqlarımızı geri qaytarmaq üçün nə çətinliklər çəkdiyini səngərlər, istehkamlar, səddlərin uzun sırasından rahatlıqla anlamaq olur. Həqiqi, dillərə dastan zəfər qazanmışıq.
* * *
Xocavənd yazısı görünür.
Qədim adı Hunaşi (Xunaşi, Xonaşen), yəni "Hun torpağı" olan bu rayonun inzibati mərkəzi olan Xocavənd şəhəri kiçik, sakit şəhərdir, yavaş-yavaş məskunlaşma gedir. Nə qədər adam köçüb bura və hallarından razı görünürlər.
Stadiondayıq.
2021-ci ildən bu yana təmir görməsə də, futbol oynanılası vəziyyətdədir (hazırda işğaldan azad olunmuş ərazilərimizdə standart ölçüdə böyük futbol oynamaq üçün cəmi 2 stadion var: biri buradır, biri də Xankəndi şəhər stadionu). Arenanın ikimərtəbəli inzibati binası ümumən dağınıq və təmirsiz olsa da, paltardəyişmə otaqları normal vəziyyətdədir. Meydança süni örtüklüdür, xeyli müddətdir matç görməsə də, onun da durumunu normal saymaq olar. Ehtiyat oyunçular, ehtiyat hakim üçün skamyalar var, tribunadakı oturacaqlar köhnə olsa da, oyun izləmək üçün yararlıdır. Amma təmir mütləqdir.
Komandalar arxa, tamaşaçılar yuxarı, əsas girişdən girmək imkanı əldə edirlər. O giriş daha yaxşıdır, çünki yaşıllıqlar içindən keçərək gözəl bir mənzərəyə çıxmaq olur. Amma bu girişə əl gəzdirilməsi mütləqdir. Elə bütün arenaya da. Projektor olmadığından oyunlar günorta keçirilməlidir, digər tərəfdən inzibati binada elektrik enerjisi yoxdur, yalnız generator vasitəsilə nəsə iş görmək olur (böyük tablonun olub işləməməsinin səbəbi də budur yəqin ki). Başqa problemlər də var, ancaq həlli çox asandır. Azərbaycan normallığında cüzi rəqəm - 3-4 min manata hər şeyi əla vəziyyətə gətirmək olar. Klubun prezidenti Sahil Balakişiyev belə deyir.
* * *
Sahil Balakişiyev "Xocavənd" Futbol Klubunun prezidentidir. 44 günlük müharibə, 2022 və 2023-cü illər antiterror əməliyyatlarının iştirakçısıdır, əslən elə Xocavəndlidir. Böyük futbol həvəskarıdır: "Özüm də Region Liqasında başqa komandalarda oynamışam. Bir müddət sonra qərara gəldim ki, öz komandamı qurum. Hazırda həm kluba rəhbərlik edirəm, həm də meydana çıxaraq komandama kömək etməyə çalışıram".
Oyunçu-prezident deyir ki, bu klubu yaratmaqda məqsəd mümkün qədər böyümək, irəliləməkdir: "Uğurlu olmaq, II, hətta I Liqaya qədər getmək istəyirik. Şəhərdə fəaliyyətimizdən xəbərdardırlar, azarkeşlik edirlər. Yoxlama matçı keçirmişdik, çoxlu adam gəlmişdi baxmağa".
Balakişiyev maddi dəstək azlığından şikayətçidir: "Köməyimiz yoxdur. Bir neçə yerə müraciət eləmişik, deyiblər edəcəyik, amma səs yoxdur. Bir şəhərin polis rəisi Xəyyam müəllim dəstək olub. Komandanın maliyyəsini öz cibimdən qarşılayıram. İmkanlı biri deyiləm, maaş alıram, onun 300 manatını ayırıram komanda üçün. Əlavə xərcləri də oyunçularla öz aramızda toplaşıb qarşılayırıq. Yəni kənardan heç bir maliyyə dəstəyimiz yoxdur. Bir sponsor olsa, hər şey çox yaxşı olar. Stadionu tam hazır etmək üçün 3-4 min manat bəs edər, məsələn. Meydançanın xətlərini özüm çəkmişəm. Binanın içərisi dağılmış vəziyyətdə idi, özüm hazır duruma gətirdim. Xeyli başqa iş də görmüşəm ki, oynaya bilək".
Prezident heyət haqqında da danışdı: "Həvəskar futbolçularıq. Hərə bir peşənin sahibidir. Biri dükan işlədir, matç günü onu bağlayıb oyuna gəlir. Biri bərbərdir, biri dönərçidir, biri fəhlədir, biri ustadır. ANAMA-da işləyən minaaxtaran da var komandada. 4 futbolçumuz müharibə iştirakçısıdır, qazidir. Hamımızın futbol sevgisi bizi bura gətirib".
* * *
Matç başlayır.
Meydanda maraqlı mübarizəyə şahidlik edirik. Qonaq komanda daha təcrübəli, daha güclü futbolçulardan təşkil olunduğundan haqlı, layiqli qələbə qazandılar. Oyunboyu daha yaxşı göründülər, 90 dəqiqədə tempi idarə edə bildilər. "Xocavənd" isə əsasən ilk yarının sonlarında daha fəal idi. Klub prezidenti vinger mövqeyində yaxşı görünürdü, texnikasını nümayiş etdirməklə yadda qalırdı. Hava isti, özü də günorta saatları (oyun günorta 2-də başlamışdı) olduğundan komandalardan 90 dəqiqə ərzində dayanmadan temp gözləmək mümkün deyildi. Amma bütün bunlar matçın maraqlı olmasına mane olmadı. Hiss olunurdu ki, hər kəs futbol oynamaq, prosesdən zövq almağa çalışır.
Tribunada 100-ə yaxın (95 nəfərini elə özüm saydım) azarkeş matçı izləyirdi. İlk baxışdan az görünə bilər, amma elə deyil. Nəzərə alsaq ki, hazırda Xocavənd şəhərində toplam 800-900 nəfər adam yaşayır, dəstəyin heç də az olmadığını əminliklə söyləmək olar.
Maraqlı bir nəfər də vardı oyunu izləyənlər arasında. Məşhur keçmiş "Sector 11"-in fan-klubunun rəhbəri, hazırda İdman Könüllülləri və Azarkeşləri İctimai Birliyinin sədri olan Atanur Cəfərli ilə qarşılaşdıq. Məlum oldu ki, valideynlərinin bir tərəfi məhz Xocavənddəndir və xeyli qohumu da artıq bu şəhərə köçüb, yaşayırlar. Klubun bu baxımdan bəxtinin gətirdiyini düşünürəm. Atanurun böyük təcrübəsi var, hazır tribuna adamıdır, milli komandamızın oyunlarında, klublarımızın avrokubok matçlarındakı dəstəyi xatirimizdədir. Əminəm ki, onun kimi vətənpərvər bir adam bu işdə olsa, komandanın dəstək problemi olmayacaq.
* * *
Beləliklə, Xocavənddə ilk rəsmi matç oynandı. Başlanğıcdır. İşğaldan azad olunmuş ərazilərimizə futbolun qayıtması bu torpaqların canlanması, ruhunun möhkəmlənməsi, burada yaşayan, yaşayacaq insanların əlavə motivasiya mənbəyinə çevrilməsi deməkdir. Futbol sadəcə oyun deyil, hər kəsin bir hədəf uğrunda birləşə bilməsidir. Xocavənd bizim torpağımızdır, onun adını yüksəlməsi hamımıza ancaq qürur gətirə bilər. Klub cəmi bir neçə aydır yaranıb, ilk kövrək addımlarını atır, köməyə ehtiyacı var. Bura qədər gəlməsində əməyi olan kəslərə təşəkkür edir, dəstəksiz qalmamasını, daha yaxşı yerlərə gəlməsini arzulayıram.
Bakıya qayıdırıq. Xocavənd şəhərinin mərkəzi küçəsi - Azadlıq küçəsi ilə.
Bir məqam var.
Stadiona aparan aşağı küçənin adı Xocalı küçəsidir. O, arenanın yanında, yuxarıdan Azadlıq küçəsi ilə birləşir.
Simvolikdir. Niyə?
İşğal dövründə ermənilərin bu stadionda ev oyunlarını keçirdiyi komandanın adı “Avo” idi. Bu, cəllad Monte Melkonyanın ləqəbidir, klub da onun şərəfinə bu adı götürmüşdü. Monte Xocalı soyqırımı və digər qanlı hadisələrdə dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin və işgəncələrin əsas fiqurlarından biri idi...
Xocalıdan azadlığa gedən yol ordumuzun şücaətindən keçir. Buna bəzən böyük bir döyüş, bəzən isə bir top atəşi də bəs edir.
Qisas isə qiyamətə qalmır.
Kənan Məstəliyev, Bakı-Xocavənd-Bakı.
14 noyabr 2026-cı il.