“Kəpəz” - “Qarabağ” oyununa cəmi 500 bilet qalıb
- 19:15
- 24
“Kəpəz” futbol həvəskarlarının, KİV nümayəndələrinin marağını nəzərə alaraq, noyabrın 22-də Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək "Qarabağ"la oyuna biletlərin satışı ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Rekord.az kluba istinadən xəbər verir ki, bu həftəsonu Gəncə Şəhər Stadionunda gerçəkləşəcək qarşılaşma üçün "Qarabağ" klubuna qonaq komandanın istəyinə uyğun olaraq, 976 bilet ayrılıb.
Satışın ilk dəqiqələrindən etibarən fəallıq nümayiş etdirən azarkeşlər qısa vaxt ərzində bütün biletləri, o cümlədən "Qarabağ"a ayrılan kvotanı da əldə ediblər.
Ehtiyatda qalan son sektor - W-6-nın biletləri bu gün satışa buraxılıb. Günün sonuna olan məlumata əsasən, satışda cəmi 500 bilet qalıb.
"Kəpəz" - "Qarabağ" matçını W-6 sektorunda izləmək istəyənlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarında ala bilərlər. Kassa sabah saat 9-dan 18-dək işləyəcək.