"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Rekord.az-a müsahibə verib:


- Çempionluq münasibəti ilə təbrik edirik. Təəssüratlarınız...

- Çox gözəl. Bilirsiniz ki, sıfırdan yeni komanda qurduq və yola çıxdıq. Birgə əməyin sayəsində çempion olduq. Hədiz dərəcəd şadam. Üzərimdə böyük məsuliyyət var idi. Buna görə də çox həyəcanlı idim. Göstərməməyə çalışırdım. Lakin bu həyəcan var idi. Sağ olsun, rəhbərlik bizə güvəndi və çox şadam ki, bu etimadı doğurultduq, Premyer Liqaya qayıtmağı bacardıq. Bütün digər komandalara hörmətlə yanaşıram, amma "Qəbələ" bu mövsüm güclü idi və biz bunu sübut etdik. Mövsümün sonuna xeyli qalmasına baxmayaraq, elitaya vəsiqəni təmin etmişdik. Sona 4 tur qalmış isə çempionluğu rəsmləşdirdik. Təbii ki, futbol komanda oyunudur. Bu uğurun qazanılmasında hamının əməyi var. Rəhbərlikdən tutmuş, inzibatçıya kimi. Şadam ki, "Qəbələ" geri döndü və Premyer Liqada hədəfimiz də ciddi olacaq. Biz avrokuboklara vəsiqə uğurunda mübarizə aparacayıq.Qarşımıza qoyacağımız vəzifə bu olacaq. 


- Qeyd etdiniz ki, sıfırdan yeni komanda qurdunuz və bunu etmək çətin idi. Qorxunuz nədən idi?

- Bizə qarşı hamı xüsusui motivasiya ilə oynayırdı. Hamı istəyirdi ki, bizə qalib gəlsin. Biz isə hamıdan güclü olduğumuzu sübut etməli idik. İlk gündən uşaqlar öz üzərlərində işlədilər, buna görə sağ olsunlar. Səbuhi Səfiyarlıya xüsusi təşəkkür edirəm. Ondan nə xahiş etdim, demək olar 95 faizini etdi. Biz yeni mövsümə cəmi iki yeni futbolçu ilə başladıq. Qalanları hamısı yerli futbolçular idi. Bu, bizim üstünlüyümüz idi. Komandamız fiziki cəhətdən çox güclü idi və buna görə köməkçilərimə, fiziki hazırlıq üzrə məşqçiyə öz təşəkkürümü bildirirm. Çixradzeyə, analitikimizə, qapıçılarla işləyən məşqçimiz Amil Ağacanova. Gənc olmasına baxmayaraq çox güclü məşqçidir. Futbolçularım hamısı qəhrəmandı və hamısına "sağ ol" deyirəm.


- Siz Azərbaycan çempionu olmuş məşqçisiniz, böyük karyeranız var. Amma I liqada işləməyə razılaşdınız...

- Bizim ambisiyamız var idi. Köməkçim Çixradze ilə oturub bu sual ətrafında müzakirə apardıq. Qərarımız bu oldu ki, öz ambisiyamız üçün mübarizə aparmalı və komandanı yenidən Premyer Liqaya qaytarmalıyıq. Amma çox həyəcanlı idik. Bunu heç kimə göstərmirdik. Klubumuzun prezidenti Fariz Nəcəfova minnətdaram. Bizə göstərdiyi etimada və dəstəyə görə. O cümlədən də bizi dəstəkləyən fanatlara təşəkkür edirəm. Biz birlikdə bunu bacardıq. Onu da deyim  ki, bu il Premyer Liqa çox güclənib. Və növbəti mövsüm daha çətin olacaq. Elə komanda qurmaq lazımdır ki, "Qarabağ". "Neftçi". "Sabah", "Turan Tovuz" kimi komandalara qarşı rəqabət apara bilsin.


- Hazırlıqlara başlamısınız?

- Transferlərlə bağlı bəli. İdman direktorumuz Səbuhi Səfiyarlı hansı mövqelərə futbolçu lazım olduğunu bilir. Artıq bir aydır bunun üzərində işləyirik. 


- Hansısa futbolçu ilə razılaşma var?

- Razılığa gəldiyimiz konkret ad yoxdir, amma futbolçular var ki, onlara baxırıq. Hazırkı heyətlə bağlı də heç nə konkretləşməyib. Kim qalacaq, kim gedəcək. Əsas onurğanı saxlamağa çalışacayıq. Elə bir fikir yoxdur ki, 15-16 transfer edək. 


- Belə xəbərlər var ki, Asif Məmmədov da sizin köməkçiniz olacaq...

- (gülür) Asif Məmmədovun bizimlə qalmasını istəyirik. Asif klub üçün çox şey edib. Mən çox şad olaram onunla birlikdə işləməkdən. Çox-çox əvvəldən bir-birimizi tanıyırıq. Çox güclü futbolçudur, "Standard"da da birlikdə işləmişik, "İnter"də də. İndi də münasibətimiz yaxşıdı və yenə də onunla işləməkdən şad olaram.


Kənan MƏSTƏLİYEV, Qəbələ