
“Qəbələ”də yeni əməkdaşlıq müqaviləsi
- 15 May 2025 22:21
- 69
“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb. Klub "SAB Azərbaycan" brendi ilə tanınan "Zəhmət-Ruzi" MMC ilə əməkdaşlığa başlayıb.
Bu gün Qəbələ şəhər stadionunda tərəflər arasında müqavilənin imzalanma mərasimi keçirilib. Tədbirdə klubun prezidenti Fariz Nəcəfov və şirkətin baş icraçı direktoru Elnur Badalov iştirak ediblər.
Tərəflər arasında imzalanan anlaşma 2025-2026-cı illər mövsümünü əhatə edən bir il müddətinə nəzərdə tutulub. Şirkət klubun qida sponsoru olub və komandanı ərzaqla təmin edəcək. Qəbələ şəhər stadionunda SAB yazılan bannerlər yerləşdiriləcək. Komandamızın oyun geyimlərinin qolunda sponsorun adı əks olunacaq.
Klub prezidenti sponsorlarla əməkdaşlığın vacibliyini qeyd edib: “Bu müqavilənin idmanın və ümumilikdə futbolun inkişafına böyük töhfə verəcəyinə inanıram. Tərəfdaşımızla futboldankənar məsələlər haqqında da danışdıq. Bu dəstəyin arxasında olan sosial məsuliyyət bizim üçün böyük əhəmiyyət daşıyır. “Qəbələ” Premyer Liqaya həmişəki kimi iddialı qayıdır. Fəaliyyət göstərmək üçün lazım olan büdcəni formalaşdırmağa çalışırıq. Bizdə akademiyanın büdcəsi klubun ümumi büdcəsinin xeyli hissəsini təşkil edir. Çalışırıq ki, “Qəbələ”ni yenidən iddialı klublar sırasında görək. SAB-a daha geniş tanınmasına dəstək olmaq üçün lazım olanı edəcəyik”.
Şirkətin baş icraçı direktoru əməkdaşlığın uzunmüddətli olacağına inandığını bildirib: “Daxili qaydalarımıza əsasən müqavilə 1 illik olur. Bu, xüsusi hədəflərə əsaslanan müqavilə deyil. Bizim əməkdaşlıq çərçivəsində dəstəyimiz klubun həm akademiyasının, həm əsas komandasının qida sponsorluğuindan ibarətdir. Kluba müəyyən qədər dəstək olacağıq. İnanırıq ki, bu əməkdaşlıq uzunmüddətli olacaq və uzadılacaq. Bizim üçün çox vacibdir ki, Azərbaycanda bəlkə də ən böyük baza “Qəbələ”dədir, gənclər akademiyası da bu klubdadır. Gənclər burada qalır və təhsil alırlar. Belə qənaətə gəldik ki, bununla bağlı ən ciddi iş görən klublardan biri “Qəbələ”dir. Bir futbolçu yetişdirmək təkcə idmançı deyil, sosial cəmiyyətə faydalı, Azərbaycanın gələcəyi üçün uğurlu, sağlam düşüncəli gənclərin yetişdirilməsi deməkdir. Bu üzdən seçimimiz “Qəbələ” İdman Klubu oldu”.
Yazar haqqında
