Çempionlar Liqasında təcrübəli voleybolçularla çıxış etmək daha doğrudur.


Rekord.az xəbər verir ki, bu barədə "Turan" voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.


Mütəxəssis CEV Çempionlar Liqasında Xorvatiya təmsilçisi "Mladost"a (Zaqreb, Xorvatiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:


"Avropada təlim-məşq toplanışı qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları, sonda isə "Fənərbaxça" ilə yoldaşlıq görüşləri keçirdik. Hazırlıq zamanı həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub. Təcrübəli voleybolçulardan ibarət heyətin toplanması mənim seçimim idi. Çempionlar Liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Təcrübə hər zaman sözünü deyir".


Z.Rəcəbov onları gərgin oyunun gözlədiyini vurğulayıb:


"Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir".


Xatırladaq ki, "Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost" (Zaqreb) ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.