"Turan" Çempionlar Liqasına hazırlığı Bakıda davam etdirir
- 15:15
- 38
Ölkəmizi Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlığının son mərhələsindədir. "Rekord.az" xəbər verir ki, Koreya, Kuba, Yaponiya, Serbiya, Slovakiya və Çindən olan legionerlərlə heyətini gücləndirən Tovuz təmsilçisi millimizin də bir neçə aparıcı oyunçusunu heyətinə cəlb edib.
Ziya Rəcəbovun rəhbərlik etdiyi komandanın hazırlıq proqramının əsas mərhələlərindən biri İtaliyanın Misano şəhərində baş tutub. Burada intensiv məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib. Ardınca Yunanıstana yollanan kollektiv Santorini şəhərində təlim-məşq toplanışını davam etdirib, həmçinin yoxlama oyunlarında qüvvəsini sınayıb.
Daha sonra İstanbulda davam edən hazırlıq çərçivəsində Avropanın aparıcı komandalarından “Fenerbahçe” ilə yoldaşlıq görüşü keçirilib. Klub çempionlar liqasına hazırlığın son mərhələsini Bakıda davam edir.
Qeyd edək ki, avrokuboklarda debüt edəcək “Turan” Çempionlar Liqası çərçivəsində oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə üz-üzə gələcək.