
Böyümək lazımdı! - YAZI
- 11:00
- 115
Vaqif Cavadovun istefaya göndərilməsi şəxsən mənim üçün gözlənilməz olmadı. Düzgün qərar idimi? Məncə, düzgün idi. Vaqiflə yola davam böyük risk olardı. Müvəqqəti təyinatı dövründə bir neçə oyundan yaxşı nəticə ilə çıxdı, rəhbərlik də həmin nəticələri nəzərə alıb, etimad göstərdi, rəsmi müqavilə bağladı. Halbuki mənə görə bunun özü də risk idi. Baxmayaraq ki, gənc məşqçi kimi mən də dəstək nümayiş etdirdim, təyinatının ilk günü gedib müsahibə də aldıq. Amma o vaxt da şəxsi fikirim o idi ki, Vaqif böyük hədəflər üçün hələ "bişməyib". Çalışqan məşqçidir, həvəslidir, bəlkə də öz üzərində çalışsa, oxusa, biliyini daha da artırsa, gələcəkdə ölkənin ən yaxşı məşqçilərindən biri ola bilər. Amma bu gün üçün hələ hazır deyil. Bu mövsüm bəxtin gətirdi Premyer Liqada qaldın. Amma gələn mövsüm çox çətin olacaq. Söhbət tək məşqçilikdən, meydançada olan mübarizədən getmir. Futbol, məşqçi işi tək meydançada olanlarla ölçülmür. Tam bütöv məşqçi olmaq üçün meydançadan kənarda da "bişməlisən". Hər məğlubiyyətdə jurnalistlərlə yersiz polemikaya çıx, kiməsə atmaca at, hakimləri günahkar çıxart, qələbəyə sevinən rəqib komandaya atmaca at, böyük məşqçi olmaq üçün maneədir bunlar və ümid edək ki, zamanla, təcrübə artdıqca aradan qalxacaq. Kimsə suaı verə bilər ki, zatən "Sumqayıt" ciddi hədəfləri olmayan klubdur, çempionluğa oynamır, avrokuboklara oynamır, elə Vaqiflə yola davam edərdilər, bax bu artıq yeni müzakirə mövzusudur.
Ümumiyyətlə, mən düşünürəm ki, futbol ənənəsi olan, futbolu olan şəhərlərin hədəfi də böyük olmalıdır. O cümlədədən də Sumqayıt və "Sumqayıt"ın. Sumqayıtı təmsil edən komanda Premyer Liqada qalmaq üçün oynamamalıdır. Bu baxımdan "Sumqayıt" da klub olaraq böyüməlidir. Özü də, hədəfləri də. Etiraf edim ki, futbol ictimaiyyətində hələ də "Sumqayıt"I tam olaraq ciddi klub kimi qəbul etmirlər. Hələ də "Sumqayıt"a "AFFA-nın komandası" gözü ilə baxanlar var. Elə Sumqayıtın özündə də bu təfəkkürdən qurtulmayan insanlar var. Bunu da hardasa başa düşürəm, çünki komanda ilk gündən necə yarandı, ilk məşqləri, ilk heyəti, hamısı gözümün önündə olub. Legionersiz, yalnız yerli gənclərdən qurulan, hədəfi də milli komandalara futbolçu yetişdirmək olan və AFFA-nın nəzarətində olan iddiasız bir klub. Hətta adi topdaşıyanı da işə götürmək üçün federasiyadan icazə lazım idi. Baxmayaraq ki, son illərdə bu mənada çox dəyişikliklər oldu, komanda iki dəfə ölkə kubokunda final oynadı, 3 dəfə avrokuboklara vəsiqə qazandı, legioer qadağası götürüldü, amma görünən budur ki, tam olaraq az öncə qeyd etdiyim təfəkkürdən qurtulmaq üçün bunlar yetərli deyil, daha da böyümək, davamlı olaraq, stabil iddialı kluba çevirilmək lazımdır. Bu baxımdan hazırkı rəhbərliyin, sponsorların üzərin böyük məsuliyyət düşür. Sumqayıtı təmsil edən klub brend, marka olmalıdır. Sumqayıtı təmsil edən klubun hədəfi davamlı çempionluq olmalıdır. Sumqayıtı təmsil edən klubun baş məşqçisi "əsas hədəfimiz Premyer Liqada qalmaq idi, bunu da bacardıq" deməməlidir. Səmimi deyəcəm, jurnalistikanı qoyuram kənara, Samir Abasov "Neftçi"yə keçəndə, ictimaiyyətin, eləcə də medianın "Neftçi" "Sumqayıt" deyil, burda məsuliyyət böyükdür, davamlı üzərində təzyiq var" sözü şəxsən bir sumqayıtlı kimi mənə toxunurdu. Niyə ictimaiyyətdə, mediada o təfəkkür olmalıdır ki, "Neftçi" ciddi klubdur, burda məsuliyyət, təzyiq var, amma "Sumqayıt"da yox. Niyə "Sumqayıt" qeyri-ciddi, hədəfsiz klub kimi təqdim olunmalıdır? Niyə elə fikir formalaşmalıdır ki, sən "Sumqayıt"da yola verə bilərsən, amma "Neftçi"yə gəldinsə işləməlisən? Bu təfəkkürü, stereotipi dağıtmaq lazımdı.
Bu gün Sumqayıtı təmsil edən komanda da "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" kimi yüksək yerlərə oynamalıdır. "Sumqayıt"ın bu klublardan nəyi əksikdi? Təmsil etdiyi şəhər? Əhali sayına, iqtisadiyyatına görə ölkənin ikinci şəhəri. Futbol ənənəsi? Yarandığı gündən Sumqayıtda futbol da olub, futbolçu da. Azarkeş? Əminliklə deyirəm ki, Sumqayıt azarkeşi ölkənin ən güclü azarkeşlərindəndir. Burda hamı futbolu bilir və analiz etməyi bacarır. Ötən mövsüm yeni stadion fevralda istifadəyə verildi, may ayına kimi 3 dəfə anşlaq oldu. Heç bir stadionda belə hal yaşanmayıb. Hələ komanda 4-cü yerə oynayırdı, çempionluğa oynasa gör nələr olardı. Bu il niyə az adam gəlir, çünki nəticə yoxdur. Sumqayıt azarkeşini aldatmaq olmaz. Sən 9-cu yeri tut, sonra da denən ki, azarkeş az gəlir, olmayacaq, gəlməyəcək. Şərait? Əminliklə deyərdim ki, şəraitinə görə "Sumqayıt" ən yaxşı 3 klubdan biridir. 10 minlik UEFA-nın 4-cü kateqoriyasını almış əsas stadion, 1350 nəfərlik ehtiyat meydança, baza, 3 təbii, 1 süni standard, 3 qeyri-standard süni və 1 qeyri-standard qum olmalq ümumilıikdə 8 meydança. Sponsor? Klubun "Azərkimya" kimi sponsoru var. Hansı ki, rəhbərliyi də futbolu sevən insandı, futbolçuların maaş və mükafatları da vaxtlı-vaxtında verilir. "Azərkimya"dan başqa, klubun əlavə bir neçə sponsoru da var, etiraf edək ki, bu baxımdan "Sumqayıt" rəhbərliyi vacib işlər görüb. Yəni sponsor, tərəfdaş olsun deyə kimlərləsə müqavilələr bağlanmır, həmin şirkətlər yetəri qədər ciddi tərəfdaşlar sayıla bilər. Qalır hədəfləri böyütmək, daha peşəkar, daha ciddi kluba çevirilmək.
Dəfələrlə demişəm, yarım milyondan çox əhalisi olan futbol şəhərini təmsil edən bir klubun fan şopu yoxdur. Çox böyük minusdu. İnsanlar şəxsən mənə dəfələrlə yazıblar, yaxınlaşıb deyiblər ki, biz şəhərimizin komandasının formasını geyinib, şərfini taxıb oyunlara getmək istəyirik, amma yoxdu, tapa bilmirik. Belə çətindir ki, hansısa fabrikat firma ilə anlaşırsan, camaatın cibinə uyğun 15-20-25 manatlıq formalar, daha ucuz qiymətə şərflər, çaşkalar, qələmlər və s. atributlar sifariş verib fan şopda satışa çıxardırsan? Həm də gəlir götürürsən. Yəni bu işlər mütləq şəkildə görülməlidir. Şübhəm yoxdur ki, görülsə, effekti qat-qat artıq olacaq. Baş məşqçi məsələsi də bu hədəflərin tərkib hissəsi olmalıdır. "Sumqayıt"da çalışan məşqçi də yetəri qədər bacarıqlı, təcrübəli, ambisiyalı biri olmalıdır. Fərqi yoxdur, yerli, yaxud əcnəbi. Əsas odur ki, işini bacaran və kluba faydası toxunan məşqçi olsun. Bu baxımdan da inanıram ki, "Sumqayıt" rəhbərliyi düzgün seçim edəcək. Baş məşqçinin düzgün seçimi o deməkdir ki, işin 50 faizini artıq görmüsən. Qalan 50 faizini də məşqçi düzgün futbolçu və heyət seçməklə edəcək. Bu da olunca, nəticə də olacaq, dolu tribunalar da!
Anar XANLAROV
Yazar haqqında
