Azərbaycan çempionatının püşkatma mərasimi keçirildi
- 22:03
- 25
Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
İlk olaraq çıxış üçün söz Rəşad Rəsulluya verilib. Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirən qurum rəsmisi yarışda 50 klub və idman təşkilatından 206 idmançının çıxış edəcəyini vurğulayıb.
O, yarışın yüksək səviyyədə təşkili üçün bütün lazımi addımların atıldığını bildirərək azarkeşləri görüşləri arenadan izləməyə dəvət edib.
Natiq Bağırov çempionata yerli və beynəlxalq dərəcəli ən təcrübəli hakimlərin cəlb olunduğunu diqqətə çatdırıb. O, qarşılaşmaların ədalətli və şəffaf keçiriləcəyinə inamını ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
Kamran Talıbov yarışın proqramı barədə məlumat verib, daha sonra püşkatmaya start verilib.
Ölkə çempionatı 5–7 dekabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək. Arenaya giriş sərbəstdir.