Nəhs tura baxış
- 10:27
- 26
Premyer Liqada 13-cü tur arxada qaldı. Öyrəndik ki...
- bu gün elitadan düşməyə ən real namizəd “Karvan”dır. Meydanda baş məşqçisi ayrı, sənəddə baş məşqçisi ayrı, pərdə arxasındakı həqiqi gücə malik baş məşqçisi ayrı, onun da arxasında daha bir-iki nəfər məşqçi-baş məşqçinin olduğu komandada kimin güzgüsünün kimi göstərdiyini müəyyənləşdirmək mümkün deyil. Bunun edib qurtarana qədər mövsüm bitəcək. Digər tərəfdən, bir dənə fotoqrafı olmayan klubdan nə gözləyəsən? 5 baş məşqçin ola, 1 fotoqrafın olmaya. Futbol çox şeyi bağışlayır, amma qeyri-peşəkarlığa dözümü yoxdur. Sən ya bu işi peşəkar görəcəksən, ya da mütləq məğlub olacaqsan. Bu, nəzəriyyə deyil, aksiomdur.
- Liqada ən yaxşı futbolu oynayanlardan olan “Qəbələ”nin çətin rəqiblə matçdan 3 xal çıxartması yaxşı oldu. Həm komanda xal ehtiyatını artırdı, həm də psixoloji ağırlığı üzərindən götürdü. “Qırmızı-qaralar”ın nəfəs dərməyə ehtiyacları vardı. Bundan sonra daha rahat, rəqibləri üçün də daha təhlükəli olacaqlar.
- Futbol seyri baxımından öncüllərdən olan komandanın biri də “Sumqayıt”dır. Əvvəla, Ayxan Abbasovun “Şamaxı”sına qarşı səfərdə kambek eləmək az iş deyil. Saşa İliç yarışa adaptasiya dövrünü arxada qoyub, kimin-kim olduğunu bilir. Üstəlik, yetirmələrindən tək nəticə yox, yaxşı oyun da tələb edir. “Kimyaçılar” serbiyalı mütəxəssisin uğurla tətbiq etdiyi sistemlə liderlər qrupunda möhkəmlənib. Görünən odur ki, bu möhkəmlənmə müvəqqəti deyil. Yaxşı oyun da var, döyüşkənlik də və nəticə də.
- “Sabah”, “Zirə” və “Qarabağ” eyni ssenari ilə qələbə qazanaraq üst pillələrdəki yerlərini qorudular. Masazır təmsilçisi Qubadakı nisbətən düzəlmiş, amma yenə də ideal olmayan ot, zirəlilər isə Yevlaxın yandırıcı süni örtüyünə öyrəşmək üçün hərəyə 1 hissə sərf etdilər. Fasilədən sonra isə hər şey "öz qaydası"na düşdü, gözlənilən nəticələr qeydə alındı. “Qarabağ” isə yenə startı tam 2-ci heyətlə başlayıb, sonradan “XTQ”-ni döyüşə buraxmaqla ənənəvi qələbəsini qazandı.
- Yeganə "boş oyun" Tovuzda oldu. Qanın su yerinə axmasını gözlədiyimiz bir matçda nə “Turan” tər tökdü, nə “Neftçi” işə baş qoşdu. 5-10 dəqiqə futbola oxşayan bir şey oynayıb, dağılışdılar. Olan da azarkeşlərə oldu.
- Bu tur “İmişli” və “Neftçi” start heyətində cəmi 1 yerli oyunçuya şans verib. “Qarabağ”da bu rəqəm 5, “Kəpəz”də 7 olub.
- Çox da maraqlı tur olmadı.