Ukrayna Futbol Assosiasiyasının (UFA) İntizam Komitəsi (İK) ötən il milli komandanın sabiq yarımmüdafiəçisi Anatoli Timoşikla bağlı sərt qərarlar verib.

Rekord.az xəbər verir ki, ölkə ictimaiyyəti “Zenit”də məşqçilik edən 42 yaşlı mütəxəssisin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəsinə dəstək üçün heç bir addım atmadığını hesab edir. O, nəinki işğalı pisləyən bəyanat verməyib, həmçinin çalışdığı Rusiya klubunu da tərk etməyib. Bilindiyi kimi, bir çox ukraynalı futbolçularla məşqçilər artıq Rusiya klubları ilə yolları ayırıblar. İK-nın qərarına əsasən, UFA-dan Timoşuka verilən PRO kateqoriyası üzrə məşqçi lisenziyası geri alınıb. O, Ukrayna çempionatı, kuboku və superkubokunda qazandığı mükafatlardan, milli komandanın sabiq oyunçusu statusundan məhrum edilib. Timoşukun Ukraynada futbol fəaliyyəti ilə məşğul olmasına ömürlük qadağa qoyulub. Həmçinin onun bütün fəxri ad və dövlət mükafatları ləğv olunub. Bir neçə gün öncə isə onun adı Vladimir Zelenskinin qərarına əsasən 10 il müddətinə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya tətbiq olunan şəxslərinin siyahısına salınıb.

Xatırladaq ki, Timoşuk futbolçu karyerası ərzində “Volın”, “Şaxtyor”, “Zenit”, “Bavariya” və “Kayrat”da oynayıb. O, 2000-16-cı illərdə Ukrayna yığmasında 144 oyun keçirməklə milli komandanın rekordçusudu. Futbolçu həyatını 2016-cı ildə “Kayrat”da başa vuran sabiq yarımmüdafiəçi 2017-ci ilin fevralında PRO kateqoriyalı məşqçi lisenziyası alandan sonra “Zenit”in məşqçi korpusuna daxil olub.

Görəsən, siyasətə, müharibəyə görə bir futbolçunu, məşqçini “silmək” nə dərəcədə doğrudu? Bu suala aydınlıq gətirmək üçün təcrübəli mütəxəssislərin fikrini öyrəndik.

Ağasəlim Mircavadov: "Ümumiyyətlə, futbolu və futbolçuları siyasətə qatmaq düzgün deyil. Mən başa düşürəm, Rusiya - Ukrayna müharibəsi çox insanı qarşı-qarşıya qoyub. Amma veteran futbolçunun titullarının əlindən alınmasını kəskin şəkildə pisləyirəm. Biz Ermənistanla uzun illər müharibə vəziyyətində olmuşuq. Amma bir dəfə də "Neftçi"nin məşhur siması Eduard Markarova qarşı repressiya həyata keçirməmiş, onun "ağ-qaralar"dakı çıxışını, nailiyyətlərini kölgə altına salmamışıq. Hətta ölkə başçısı, cənab İlham Əliyev vaxtilə Ermənistanın ictimai xadimlərini Bakıda qonaq edəndə demişdi ki, Eduard Markarovu təqdim etməyə ehtiyac yoxdu. Onu "Neftçi"sevərlər və hər iki respublikanın futbol azarkeşləri yaxşı tanıyır. Odu ki, futbol siyasətdən uzaq olmalıdı".

Vəli Qasımov: "Anatoli Timaşuk Ukrayna futbolunda iz qoymuş simadı. Səhv etmirəmsə, Ukrayna millisində ən çox oyun keçirən futbolçudu. Bir insan zəhməti, bacarığı, gücü, alın təriylə titullar qazanıbsa, bunu onun əlindən almağı necə başa düşək? Təbii ki, heç bir halda düzgün yanaşma deyil. Lap Timoşukun titullarını əlindən alın, şəkillərini məhv edin, adını lənətləyin. Axı bununla onu nailiyyətlərini aradan qaldıra, tarixdən və insanların yaddaşından silmək mümkün deyil. Adam Ukrayna, Rusiya və başqa ölkələrin klublarında futbolçu olub. Sonra da karyerasını başa vuraraq məşqçiliyə başlayıb. Hazırda "Zenit"də baş məşqçinin köməkçisidi. Rusiya təmsilçisində fəaliyyətə başlayanda nə münaqişə, nə də müharibə var idi. Veteran futbolçu Rusiyaya dəstək versə, öz vətəninə qarayaxma etsəydi, bəlkə də ona qarşı repressiyaları başa düşmək olardı. Amma belə bir hal yoxdusa, veteran futbolçuya, məşqçiyə qarşı olanlar xoş deyil və buna haqq qazandırmaq olmaz".

Əfqan Talıbov: "Son illərdə idmanın və idmançıların siyasətə qarışdırılması adətə çevrilib. Eləcə də futbolçuların siyasi məsələlərə fikir bildirməyə sövq edilməsi halları çoxdu. İdman, futbol sülhün, dostluğun, qardaşlığın rəmzi, idmançılar, futbolçular isə bu işdə nümunə olacaq şəxslərdi. Nəinki Anatoli Timoşuka, heç bir futbolçuya, veterana, məşqçiyə qara yaxmaq, onun titullarını əlindən almaq düz deyil". ("Futbol plus")