Klublara 3 xal, PFL-ə isə qucaq dolusu təşəkkür
- 14:16
- 119
“Zəfər turu” geridə qaldı. Güzəştsiz mübarizə şəraitində keçən bu turda cəmi bir heç-heçənin qeydə alınması heç də təsadüfi deyildi. Çünki dövrə başa çatırdı. Hamı başa çatmaqda olan dövrəni daha nikbin notda, daha yuxarı pillədə tamamlamaq istəyirdi. Favoriti görünməyən bircə oyun var idi ki, elə həmin oyunda da hesab açılmadı, “Zirə” ilə “Turan Tovuz” hərəyə bir xalla kifayətlənməli oldular.
Amma sözün bütün mənalarında bu turun əsas qalibi Peşəkar Futbol Liqasının vətəni və öz işini canı qədər sevən kollektivi oldu. “Qarabağ”, “Sumqayıt”, “Şamaxı”, “Sabah” və “Araz Naxçıvan” öz aktivinə cəmi 3 xal yazdısa, PFL-in aktivinə yazılan xal bundan yüz dəfə, bəlkə də min dəfə artıqdır. Başda Elxan Səmədov olmaqla Aslan Şahgəldiyevə, Elgiz Abbasova, Sənan Abdullayevə və adını çəkə bilmədiyim, amma hər birinin xətrini doğmalarım qədər əziz tutduğum insanlara ürəkdən minnətdaram. Məhz onunların ürəklərinin hərarətini verdiyi, yüksək peşəkarlıqla yanaşdıqları tur bizə inanılmaz emosiyalar bəxş etdi. Arzu edirəm ki, Elxan bəy də, Aslan da tezliklə tamamilə sağalsınlar, o sevinci də bizə yaşatsınlar.
Xankəndində keçirilən “Qarabağ” – MOİK qarşılaşması hamımızın yadındadır. Bu görüşün bayram kimi keçməsi üçün PFL-n komandası nələr etmədi ki?! Adamlar yuxusuz qalmağı, dumanlı və qaranlıq gecədə yola çıxmağı göz önünə aldılar. Amansız qəza hamımızın əhvalını korladı, canımızı acıtdı. Lakin onlar bu qəzanın şokunu öz üzərlərindən çox tez atdılar. Lap elə Vətən torpaqları uğrunda gedən savaşlardakı kimi. Komandirlər irəli atılır, öz cəsur əsgərlərini arxasınca aparır. Yaralanan olanda da əmr edirlər ki, bizi döyüş meydanından çıxarmaq üçün vaxtınızı itirməyin, yalnız irəli gedin. Peşəkar Futbol Liqasının rəhbərliyinin həmin o talesiz qəzadan sonrakı davranışları da məhz o cür idi.
Onların sayəsində Premyer Liqanın XI turu zəfər qoxulu keçdi, futbol meydanlarında əsl zəfər ab-havası yaşandı. Turun hər bir oyunundan əvvəl “44” rəqəminin sehrini yaşadıq, hakimlərin start fiti 44-cü dəqiqədə səslənincə 44 günlük o möhtəşəm tarixi yenidən xatırladıq, hər şey gözümüzün önündən kino lenti kimi keçdi. Mən şəhid mayor Rüfət Əsgərlinin “Neftçi”ni və can parçası Xansuvar necə sevdiyini yaxşı bilirdim, onunla həm görüşümüzdə, həm də telefondakı yazışmalar zamanı bunu hiss edirdim. “Neftçi”nin oyunlarına Xansuvarla birlikdə gedir, onun da əsl azarkeş kimi böyüməsini arzulayırdı. “Qarabağ”la görüşdən əvvəl Xansuvarın mərkəz dairəsinə doğru irəliləməsini, topa ilk toxunuşu etməsini görəndə həm qürurlandım, həm də kövrəldim. Maşallah, Xansuvarın da xeyli böyüdüyünü gördüm...
Heç şübhə etmirəm ki, şəhidlərimizin müqəddəs ruhu da göylərdən bu olanları görürdü. Bizim hamımızın bu yaşadıqlarımıza görə Peşəkar Futbol Liqasının fədakar əməkdaşlarına bir təşəkkür borcumuz var. Elə şəhidlərimizin və onların ailələrinin də adından. Bizim qucaq dolusu təşəkkürlərimizi qəbul edin, əziz dostlar. Zəfərli, qalibiyyət dolu günlərimiz çox olsun. Siz də o tarixləri bizim üçün daha möhtəşəm edin.
Yorulmayasız!