Venesuelanın voleybol üzrə kişilərdən ibarət millisinin kapitanı Vilner Rivas və ailəsindən xəbər yoxdur. "Rekord.az" xarici mediaya istinadən xəbər verir ki, voleybolçu həyat yoldaşı Mariangel Peres və azyaşlı oğlu Teo ilə birlikdə iyunun 24-də Venesuelada baş vermiş güclü zəlzələdən sonra dağıntılar altında qalıb.

Bu barədə komanda yoldaşları və yaxınları sosial şəbəkələrdə məlumat yayaraq onların axtarışlarına köməklik göstərilməsini xahiş ediblər. Müraciətdə hadisə yerinə təcili ekskavatorlar, yük maşınları və dağıntı zonalarında işləmək təcrübəsi olan operatorların cəlb edilməsinə ehtiyac olduğu qeyd olunub. Hadisə La Quaira ştatının Katia La Mar bölgəsində, Los Monjes yaşayış binasında baş verib.

Venesuela Voleybol Federasiyası Rivasın həyat yoldaşı və övladı ilə birlikdə itkin düşdüyünü təsdiqləyib. Rivasın yeni müqavilə bağladığı İspaniyanın "CV Guaguas" klubunun açıqlamasında da voleybolçu və ailəsi barədə hələ ki, heç bir məlumat əldə olunmadığı bildirilib.