VAR-a vurulan təpik...
- 21 Dek 2022 09:09
- 2115
Hələ iki ay bundan əvvəl “Turan Tovuz”la “Kəpəz”in qarşılaşması ətrafında yaradılan süni gərginlikdən yazmışdım. Qeyd etmişdim ki, “derbi-derbi” deməklə qərb təmsilçilərinin qarşılaşması derbiyə çevrilən deyil. Havaya söz atmaq yox, ortaya konkret əməl qoymaq, komandalara dəstək vermək lazımdı.
Premyer Liqanın 17-ci turu çərçivəsində Gəncəyə səfər edən “Sabah”ın baş məşqçisi Murad Musayev futbolçularının konteynerdə paltarlarını dəyişməsindən şikayətlənib. “Turan Tovuz”la səfərdə qarşılaşan “Neftçi”nin baş məşqçisi Lairentsiu Regekampf isə Tovuzdakı stadionunun ot örtüyünün süni olmasını başımıza qaxanc edib.
Bu yerdə adamın yadına AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun elan etdiyi “100K” kampaniyası düşür. Kampaniyanı təşkil edənlər piksel sataraq hər klub üçün 100 min manat toplamağı, ondan sonra da avtobus almağı planlaşdırmışdılar. Mövsümün ilk yarısı başa çatmaq üzrədi. Nəinki avtobusların pulunun yarısı, heç 4 təkər almağa yetəcək məbləğ toplanmayıb. Mən hələ “Turan Tovuz”la “Kəpəz”in titul sponsorunun olmamasını, hər iki klubun formasının önündə reklam məqsədli yazının olmamasını demirəm. Hər dəfə də bunları yazanda özüm xəcalət hissi keçirirəm. Nə yazıq ki, kimlərsə “Kəpəz”lə “Turan Tovuz”un elitaya çıxarılmasını reklam edib, özünə reytinq yığmağa çalışır.
Elə onların yaratdığı süni ajiotajın nəticəsidi ki, dünən keçirilən “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasının sonluğu xeyli drammatik keçdi, futbolun ədaləti yenə bir kənarda qaldı. Tovuz polisinin çevik müdaxiləsi olmasaydı, yerli azarkeşlər meydana axışacaq, rəqib komandanın futbolçularına hücum edəcəkdilər. Sonrasının necə olacağını da təxmin etmək çətin deyil. 2011-ci ildə təhrikə uyan tovuzlu azarkeşlər hakimlərin otağına hücum etmiş, Rauf Cabbarovla Coşqun Həsənovu döymüşdülər. Təşkilatçılar, otağın qapısını tutanlar istintaqdan yaxa qurtarsalar da, Habil Aslanov adlı azarkeşə xuliqanlıq maddəsi ilə cinayət işi açılmışdı. Heç şübhəsiz ki, dünənki oyunda polis olayların böyüməsini əngəlləməsəydi, azı 3-4 nəfər eyni maddəylə “içəri” düşəcəkdi.
Hər şey ondan başladı ki, əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə “Turan Tovuz”un müdafiəçisi Sadiq Quliyev “Kəpəz”in gürcüstanlı yarımmüdafiəçisi Mate Kvirkviyanı cərimə meydançasında təpiklə yerə sərdi. Baş hakim Rəvan Həmzəzadə də VAR otağındakı hakimlərin çağırışı ilə epizodu incələmək üçün monitora doğru yönəldi. Əminliklə deyirəm ki, həmin anda heç VAR-a baxmağa ehtiyac yox idi, Quliyevin təpiyi Bakıdan belə aydın görünürdü. Ən çox hörmət etdiyim hakimlərdən olan Rəvan Həmzəzadə VAR otağıyla məsləhətləşəndən sonra qayda pozuntusunun olduğu nöqtəyə qayıtdı və yolüstü penaltinin olmadığını bidirdi.
Sonradan ortaya belə bir fikir atıldı ki, Erqemledze ötürməni əllə etdiyi üçün hakim penalti təyin etməyib. VAR görüntülərinin nümayişində belə bir epizod yox idi, Həmzəzadəyə konkret təpik anı göstərilirdi. Hakim meydana qayıdarkən oyunu Erqemledzenin ötürmə etdiyi nöqtədən yox, cərimə meydançasından bərpa etdirdi. Deməli, həm an bu epizoddan söhbət getməyib. Topun gürcü futbolçunun əlinə dəyib-dəyməməsi də şübhəlidi. Heç ötürmədən sonra da oyun dayandırılmamışdı.
İddialar görə, qərar verilərlərkən Tovuz stadionunda projektorların yoxluğu, uzatmaların böyük biabırçılığa səbəb olacağı nəzərə alınıb. Bunu da dəqiq demək çətindi.
Amma dəqiq bildiyim bir şey var ki, Sadiq Quliyevin təpiyi təkcə Matenin böyrünə dəymədi, Azərbaycan futbolundakı VAR sisteminə və hakimliyin nüfuzuna dəydi. Keçmiş olsun!