"Turan Tovuz"la oyunun əsas vaxtına artırılmış 3-cü dəqiqəsində "Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev rəqib komandanın futbolçusu Cavid Hüseynova qarşı kobud oynayaraq sarı vərəqə alır. Lakin sonradan VAR-dan gələn siqnala əsasən oyunun baş hakimi Rəşad Əhmədov epizodu izləməyə gedir və geri qayıdaraq sarı vərəqəni ləğv edərək, Mustafayevə birbaşa qırmızı vərəqə göstərir və onu meydançadan kənarlaşdırır. Maraqlıdır ki, Vüqar özü də bu zaman hakimlə mübahisə etmir və kapitan Vurğun Hüseynovun meydançanı tərk edərkən ona həvalə etdiyi kapitanlıq sarğısını qolundan çıxardaraq, komanda yoldaşına təhvil verir.

Matçdan sonra Rekord.az-a eksklüziv açıqma verən Mustafayev hakimin qərarının haqlı olduğunu etiraf edib: "Həmin epizodda topu rəqibdın keçirə bilsəydim, Kərim Abubakar birəbir gedəcəkdi. Lakin topu keçirdə bilmədim və düşdü Cavidə. Bu zaman topu yenidən qazanmaq istəyərkən ehtiyatsızlıq etdim. Özüm də qayda pozuntusu olduğunu bildiyim üçün hakimin qərarına etiraz etmədim və qəbul etdim".