10-cu turu böyük ölçüdə bitmiş saymaq olar. Yalnız "Sumqayıt" - "Şəfa" matçı qalıb ki, o da turnir cədvəli baxımından ciddi nə isə dəyişməyəcək. Sadəcə, "Sumqayıt" qalib gəlsə, turnir cədvəlində "İmişli"ni geridə qoyacaq. Bu mənada tur haqqında ümumiləşdirilmiş şərh yazmaq olar.

"Sabah" və "Qarabağ"ın xal itkisi fonunda qələbə qazanan "Neftçi" liderliyə yüksəldi. Vernidubun komandası çətin "Şamaxı" səfərindən 3 xalla dönməyi bacardı. Azər Bağırovun komandası yenə özünəməxsus əzmkarlıq, inadkarlıq nümayiş etdirdi, iki dəfə hesabı bərabərləşdirdi. Amma sonda ustalıq səviyyəsi sözünü dedi. "Neftçi"nin daha səviyyəli legionerlərinin fərdi ustalığı "ağ qaralar"a qələbə qazandırdı. Ümumiyyətlə, "Neftçi" nin orta və hücum xətti bu cür oyunları çıxarda bilir. Komanda 25 qolla çempionatın ən məsuldar komandasıdır. Amma müdafiə xətti iddialı komandalar arasında ən çox top buraxandı. Hətta "Kəpəz" belə, "Neftçi"dən daha az top buraxıb. Üstəlik, əksər qollar bəsit səhvdən buraxılıb. Qış transfer dönəmində komandaya mütləq bir mərkəz müdafiəçisi və qapıçı lazımdı. Bu arada, qeyd olunası vacib bir məqam "Neftçi"nin "ikinci altılıq" komandaları ilə oyunlarda maksimum xal toplamasıdır. Komanda yeganə məğlubiyyətini "Zirə"dən alıb. Digər xalları isə çempionluğa iddialıı "Qarabağ", "Sabah" və "Turan Tovuz"la oyunlarda itirib.

"Sabah"ın məğlubiyyəti bəlkə də gözlənilən idi, çünki həm rəqib iddialı idi, həm də səfər uzun və ağır idi. Amma etiraf edək ki, Dambrauskasın komandasının 3 top buraxması çoxları üçün gözlənilməz oldu. "Sabah"a hələ heç kim 3 top vurmamdışdı. Ki, "Turan Tovuz "vurdu. Heç "Turan Tovuz" özü də hələ heç kimə 3 qol vurmamışdı. Ki, "Sabah"a vurdu. Bu oyun sübut etdi ki, "Turan Tovuz" hücum potensialı olan komandadır. Bu komandanı məcbur arxaran oynadıb, standard vəziyyətlərə bel bağlatdırmaq düzgün deyil. Komandada Olabe, Yankoviç, Serrana, Balau, Silva kimi texnikalı futbolçular var. Onların potensialından düzgün istifadə edəndə Santos kimi ağır oyunçu da dubl edir. Hətta deyərdim ki, şəxsən mənim bəyənmədiyim Vadji belə, bu oyunu yaxşı oynadı. Əslində onun yeri cinahdı, orda oynayanda sürəti hesabına rəqibə daha çox təhlükə yaradır, nəinki hücumda. "Turan Tovuz" bu qələbə sayəsində "Zirə"nin turnir cədvəlində geridə qoyaraq 4-cü pilləyə yüksəldi. Amma növbəti turda onları səfərdə "Qarabağ"la çətin oyun gözləyir. Yəni 4-cü pillədə qalmaq elə də asan olmayacaq.

"Sabah" isə, ümumiyyətlə, ilk dəqiqələrdə oyuna qoşula bilmədi. Hətta ikinci hissə də xoş gedişat vəd etmirdi. "Turan Tovuz" 3-cü qoldan sonra ani sakitləşdi ki, Mikels dərhal bundan istifadə edib hesab arasındakı fərqi azaltdı və intriqanı qismən saxladı. Dambrauskas özü də oyundan sonra məsuliyəti üzərinə götürərək müəyyən taktiki səhvlərə yol verdiyini etiraf elədi. Amma "Sabah"ın ehtiyatda bir oyunu olduğunu nəzərə alsaq, hələ də potensial lider sayılır. Sadəcə, ən azı qışa qədər ağır qrafikə tab gətirmək lazımdır. "Turan Tovuz"la oyun göstərdi ki, "Sabah" üçün həm Çempionlar Liqasında, həm ölkə çempionatında, həm də ölkə kubokunda eyni templə davam etmək çox çətin olacaq.

"Qarabağ" hələ də tam toparlana, formalaşa bilmir. "Qəbələ"yə qarşı itirilən 2 xala başqa ad vermək olmur. Daha əvvəllər də "Qarabağ"da dəyişikliklər olub, bəzən bir neçə aparıcı futbolçu gedib, bir o qədər yeni futbolçu gəlib, amma uyğunlaşma və formalaşma bu qədər uzun sürməyib. Hiss olunur ki, bu dəfə həqiqətən köklü dəyişiklik olub. Əksər yenilər isə hələ də tam olaraq ümidləri doğurultmur. Bəlkə bir qədər də zaman lazımdı. Amma bu zaman sonradan çempionluq mübarizəsində geri dönməyə bilər. Silva və Yankoviçin mübahisəsi isə xoş olmayan görüntüdür və kollektiv daxilində problemlər olduğuna işarədir. Qurban Qurbanov hər nə qədər bunu emosiyaya bağlasa da, bu, belə deyil. Çempionlar Liqasının qrupunda 60-70 min azarkeşin qarşısında oynamış futbolçuların emosiyasını autsayder "Qəbələ" önündə nə coşdura bilər ki, meydançanın ortasında bir-biri ilə mübahisə edirlər? Fasilədə hər ikisinin əvəzlənməsi də məsələnin sadə səbəbdən qaynaqlanmadığını göstərir. Ümumiyyətlə, Yankoviç artıq neçəndi dəfədir ki, komanda daxilində ab-havanı pozur və onunla bəlkə də son dəfə ciddi danışmaq lazımdı.

"Kəpəz"ə isə əhsən, əla gedirlər. Azər Məmmədovun komandası ardıcıl məğlubiyyətsiz oyunların ardından 17 xalla 5-ci pilləyə yüksəlib. Onları lider "Neftçi"dən 4, 2-ci pillədəki "Sabah"dan 3 xal ayırır. Bu an üçün super nəticədir. Əldə saxlamaq, indiki yerdə möhkəmlənmək mümkün olacaqmı, çox çətindi. Çünki "Kəpəz"in büdcəsi və heyəti məlumdu. Bu imkanlarla hazırkı tempi davamlı əldə saxlamaq çox-çox çətindi. Amma "Kəpəz" hələ ki, yola uğurla davam edir və görünən budur ki, ən azı qışa qədər yaxşı mənada dirənəcək. Əksəriyyət komandanın 9 oyunun 6-nı evdə keçirdiyini və azarkeşlərin bu nəticələrdə xüsusi payı olduğunu qeyd edir. Bəli, sözsüz ki, evdə qazanılan qələbələrdə azarkeşlərin böyük payı var. Hər oyun avrokubok ab-havası yaradırlar, stadionu həm doldururlar, həm coşdururlar bu, öz yerində. Amma Azər Məmmədovun işini də görməzdən gəlmək olmaz. Nəzərə alaq ki, "Kəpəz" evdə 6 oyun keçirsə də, həmin oyunlar arasında "Şamaxı"ya böyük hesablı məğlubiyyət, "Sumqayıt" və "Zirə" ilə oyunlarda heç-heçələr var. Əvəzində səfərdə "Araz Naxçıvan" və "Şəfa" üzərində vacib qələbələr var. Bu, komandada baş məşqçi işinin olduğunu da demək üçün ciddi əsas verir.

Ümumilikdə çempionat qızışır. Əsas odur ki, ilk turlardan fərqli olaraq, ortabablar formalaşıb. Bundan sonra da bu cür davam etsə, 7-ci, 8-ci yerdə gedən komandalar da avrokubok şanslarını davam etdirəcək.

Anar XANLAROV