"Sabah" Azərbaycan Basketbol Liqasının A qrupunda birinciliyi vaxtından əvvəl təmin etməsinə baxmayaraq, sonuncu – 20-ci turda "Abşeron Lions"la matça ciddi hazırlaşıb.


Rekord.az xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.


O qalib gəldikləri görüşü dəyərləndirib:


"Qrupda birinciliyi daha öncədən təmin etsək də, oyuna maksimum köklənmişdik. Çünki mən həm oyunçu, həm də məşqçi təcrübəmdən bilirəm ki, pley-offa yaxşı hazırlaşmaq üçün bu raunddan öncəki oyunlar da əhəmiyyətlidir. Buna görə də oyunçulardan bu görüşə maksimum ciddi yanaşmağı istəyirdik. Rəqibin əsas oyun qurucusu Freyzer oyunda olmasa da, "Abşeron Lions" yaxşı mübarizə apardı".


"Sabah" - "Abşeron Lions" qarşılaşması birincilərin 105:72 hesablı qələbəsi ilə bitib.