Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib.

Rekord.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə 4 qrup üzrə 8 oyun keçirilib.

Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub müəyyənləşib.

E qrupunda müvafiq olaraq “Krasnodar” və “Renn” səfərindən minimalhesablı qalibiyyətlə dönən “Sevilya” ilə “Çelsi” növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. Son iki tur yalnız qrup birincisinin və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.

Dortmund “Borussiya”sı ilə “Latsio” yer aldıqları F qrupunda asan qələbə qazanaraq ilk iki pillədəki yerlərini möhkəmlədiblər. Bu iki klubdan ən azı birinin turnirdə yoluna davam edəcəyini əminliklə söyləmək olar. Çünki “Zenit” üçün ÇL-də mübarizənin qrupda başa çatacağı dəqiqləşib.

G qrupunda da 1/8 finalın hər iki iştirakçısı bilinib. Lider “Barselona” yoluna itkisiz davam edib. Kiyev “Dinamo”sunu səfərdə məğlubiyyətə uğradan kataloniyalılar növbəti raunda vəsiqəni təmin ediblər. “Yuventus” isə öz meydanında “Ferensvaroş” üzərində əzmkar qələbə qazanmaqla, “Barsa”ya yoldaş olub.

“Mançester Yunayted” ötən turda Türkiyədə uduzduğu “Başakşəhər”dən revanş alıb. H qrupunun digər oyununda PSJ “Leypsiq”ə qalib gələrək ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

24 noyabr

E qrupu

“Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya) 1:2
Qol: Vanderson, 56 – Rakitiç, 4. El Haddadi, 90+5.

“Renn” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qol: Jirassi, 85 – Hodson-Odoi, 22. Jiru, 90+1.

Çelsi – 10, Sevilya – 10, Krasnodar – 1, Renn – 1.

F qrupu

“Latsio” (İtaliya) – “Zenit” (Rusiya) 3:1
Qol: İmmobile, 3; 55. Parolo, 55 – Dzyuba, 25.

“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) 3:0
Qol: Haland, 18; 60. Sanço, 45.

Borussiya – 9, Latsio – 8, Brügge – 4, Zenit – 1.

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) 0:4
Qol: Dest, 52. Breyveyt, 57; 70-pen. Qrizmann, 90+2.

“Yuventus” (İtaliya) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qol: Ronaldo, 35. Morata, 90+2 – Uzuni, 19.

Barselona – 12, Yuventus – 9, Dinamo - 1, Ferentsvaroş – 1.

H qrupu

“Mançester Yunayted” (İngilıtərə) – “Başakşəhər” (Türkiyə) 4:1
Qol: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 – D.Türüç, 75.

PSJ (Fransa) – “Leypsiq” (Almaniya) 1:0
Qol: Neymar, 11-pen.

Mançester Yunaytet – 9, PSJ – 6, Leypsiq – 6, Başakşəhər – 3.