“Şəki” ilə oyunda hücumda çıxışımız yaxşı alındı”
- 19:20
- 34
"Abşeron Lions"un "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin ikinci oyununda hücumda çıxışı yaxşı alınıb.
Rekord.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Erhan Toker matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Türkiyəli mütəxəssis 105:94 hesabı ilə qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Zədəli Jalen Şou və xəstə olan Aubri Makalpaynın xidmətindən yararlana bilmədik. Oyunun əvvəlində bir qədər zəif müdafiə olunduq. Buna baxmayaraq, hücumdakı çıxışımız yaxşı alındı və balansı qoruduq".
E.Toker hər iki komandanın basketbolçularına yaxşı mübarizəyə görə təşəkkür edib:
"Şəki" üçün mövsüm bu gün başa çatdı, amma çox gözəl mübarizə apardılar. Sevincliyik, "4-lər finalı"na vəsiqə qazandıq. İndi rəqibimizi gözləyəcəyik. Çempionatı bacardığımız qədər ən yüksək nöqtədə bitirmək istəyirik. Bir daha pley-offda oynayan bütün komandalara təşəkkür edirəm".
Xatırladaq ki, ilk görüşdə 109:78 hesabı ilə üstün olan "Abşeron Lions" yarımfinala yüksəlib.