“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bizdə bəzi futbolçular məşqdə iştirak edə bilmədilər. Koronavirusla bağlı 4 oyunçumuz heyətdən kənarda qaldı. İlk 30 dəqiqədə yaxşı oynamadıq. Rəqib 2 qol vurmağa vaxt tapdı. İkinci yarıda istədiyimiz oyunu nümayiş etdirməyə başladıq. Amma qol gec vuruldu. Tez fərqlənsəydik, ardı gələ bilərdi. Heyətimiz geniş deyil. Amma nikbinik. İkinci hissə bizə ümid verdi".

Hacıyev koronavirusa yoluxmuş oyunçuların adlarını da açıqlayıb: "Bunlar Əfran İsmayılov, Vüqar Bəybalayev, Mirsayib Abbasov və Elgün Nəbiyevdir. Son ikisində xəstəlik ağır keçir. İnanırıq ki, tezliklə meydana qayıdacaqlar. Bizim üçün hər biri önəmlidir. Gələn həftə immunitetimizi artırmağa çalışacağıq".

Baş məşqçinin sözlərinə görə, Kamran Ağayevin artıq çəkisi olduğu üçün oynaya bilmir: "Artıq çəkini qısa vaxtda atmaq çətindir. Mikrozədə baş verə bilir. Məqsədimiz Kamranı yenidən ölkə futboluna qaytarmaqdır. Onun 34 yaşda futbolu bitirməsi tezdir. Oynaya bilər. Nə vaxt hazır olsa, istifadə etməyə çalışacağıq".

Hakimliklə bağlı da danışan Hacıyev referinin diqqətsizlik etdiyini vurğulayıb: "Amma ciddi səhvləri olmadı. Rəqib layiqli qələbə qazandı. Onları təbrik edirəm".