Dünən Qurban Qurbanov Şahruddinin etdiyi səhvi texniki səhv adlandırdı. Düz deyir.

"Qarabağ" bu mövsümdə yerlə nisbətən daha uzun məsafəyə, rəqibin bir xəttini yararaq üstünlük yaradan ötürmələrdən istifadə etməyə başlayıb. Bunu ilk olaraq "Sürix"lə ev oyununda gördük və plan yaxşı işlədiyindən sonrakı matçlarda da şahidlik edirik. "Qarabağ" kimi topu özündə saxlamağı sevən komandalar adətən rəqibin bir xəttini yanlara və qısa ötürmələrlə keçirlər. Bu etibarlı variantdı, amma lənglik gətirir. Müasir futbolda rəqiblər də bunu çoxdan çözüblər və pressinqlə öhdəsindən gələ bilirlər. Ona görə də yerlə uzun, "prostrel" tipli ötürmələrə ehtiyac yaranır. Alınanda topu məsələn, müdafiədən dayaqdakıları görmədən - birbaşa ön yarımmüdafiəçiyə - Kadi, Filipə - çatdırmaq olur ki, bu da kəsəri birə-iki artırır, irəlidə üstünlük yaradır. Böyük klubların oyunlarına da fikir verin, onların da ifasında bu fəndə rast gələcəksiz. 

Amma bu işin bir əmması var. Sənin bu ötürməni vaxtında və dəqiq edə biləcək oyunçuların olmalıdı. Çünki səhv ötürmə zamanı top rəqibə keçə, arxa xəttin azlıqda yaxalana, hücum başlamamış hücuma məruz qala bilərsən. Yəni çox diqqətli olmaq lazımdı. 

Şahruddin səhv ötürməyə qədər iki belə dəqiq ötürmə etmişdi, ona görə bir də cəhd elədi. Amma "Nant"ın yaxşı oyunçuları var, eniş yaşasalar da, keyfiyyətləri yerindədi. Onlar da ilk 15 dəqiqədə məruz qaldıqları təzyiqi əks təzyiqlə həll edə biləcəkləri tezliklə anladılar. "Şah"ın kiçik bir səhvi yetərliydi ki ondan maksimum yaralansınlar, belə də etdilər. Bundan sonra psixoloji üstünlük də, hətta müəyyən ərazi üstünlüyü də onların əlinə keçdi. Bir sözlə, oyunumuz "sındı". Son nəticəsi də məlumdu. 

Şahruddin köhnə tipli, yaxşı reaksiyaları olan, bəzən inanılmaz seyvlər edə bilən qapıçıdı. Amma "Qarabağ"da bu yetərli deyil, meydanda ayaqlarını meydan oyunçusu kimi istifadə edə biləcək qolkiperə ehtiyac var. Şah isə bunu bacarmır. Dəfələrlə şahidi olmuşuq, deməyə, təkrarlamağa ehtiyac yoxdu.

Oyundan sonra Hoca daha bir söz işlədərək, böyümək üçün səhvlərlə öyrənməyi bacarmalı olduğumuzu dedi. Mən bunu ancaq çarəsizlik, əlinin altında olanlardan yararlanmağa, onlara yeni keyfiyyətlər qazandırmağa məcbur olmaq adlandıra bilərəm. Bəli, Qurbanov Şaha dəfələrlə, israrla, yersiz şəkildə dəstək olub, olmaqda da dava edir, amma "ona həqiqi yüksək səviyyəli qolkiper təklif olunsaydı yenə də eyni xətti davam etdirərdimi" sualının cavabını bilmirəm, ona görə də yalnız mülahizələr edə bilərəm, onu da etməyəcəm. 

"Qarabağ" qarşısına böyük hədəflər  - məsələn, AL və ya KL-də 1/4 final və yarımfinal - qoyursa, heyət güclənməlidi. Qapıçı, ön yarımmüdafiəçi və mərkəz hücumçusu mövqeyinə. Hər şey bu qədər sadədi.

 

Kənan Məstəliyev, Rekord.az