"Sabah" toplanışı bitirdi, ondan nə gözləyək?
- 21:23
- 47
Ölkə çempionumuz "Sabah" avrokubok öncəsi təlim-məşq toplanışını son yoxlama matçıyla başa vurdu. Rəqib Ukrayna "Polessye"siydi, təmsilçimiz 1:4 hesabı ilə məğlub oldu. "Bayquşlar"ın qapısından ilk topu isə bir neçə gün əvvəl "Qarabağ"dan ayrılmış Leandro Andrade vurdu, debütünü sanki simvolik etdi.
Toplanışdakı nəticələr heç bir əhəmiyyət daşımır. Bu illərdir təsdiqini tapmış fakt, aksiom kimi bir şeydir. Yenə gözümüzlə görüb, mütəmadi səhvlərdən qaynaqlanan bir şey olduğunu sezsəydik, nəsə demək olardı. Ancaq bizim "Sabah"ın bu toplanışdakı heç bir matçını izləmək imkanımız olmayıb. Valdas müəllim nəsə sirli bir plan hazırlayıb deyə, onu nə bizə, nə də potensial rəqiblərinə vaxtından əvvəl göstərmək istəməyib. Mənə görə çox yersiz addımdır, amma ediləcək heç nə yoxdur. Fakt odur ki, hamımız "Sabah"ın nəyə qadir olduğunu türklər demiş "hep birlikde" məhz TNS-lə matçda görəcəyik.
Odur ki, komandanın hansı vəziyyətdə olduğunu, hazır olub-olmadığını, hansı taktiki və digər dəyişikliklərə getdiyini bilmirik. Yalnız heyət və transferlərə baxaraq fikir yürüdə bilərik. Əsas məqam odur ki, "Sabah" çempion heyətin onurğa sütununu qoruya bilib. Bu, çox yaxşıdır. Pokatilov, Puxaç, Şimiç, Mbina və Mikelsin müqavilələrinin uzadılması, ehtiyatda qalanların göndərilib yerinə ən azından CV-sinə baxaraq "yaxşı futbolçu" deyə biləcəyimiz oyunçuların alınmasını ancaq alqışlamaq olar (bu, həm də "Azərbaycan yaxşı futbolçu gətirmək olmur" ifadəsinin heç də həqiqətə uyğun olmadığını göstərdi). Gözlənilən bu idi. Komanda ruhu, meydandakı yüksək anlaşma və taktiki intizamın qorunması, hədəfə doğru köklənmə baxımından strateji hərəkətdir. Necə deyərlər, klub öz işini gördü, qalır komandanın son nöqtəni uğurlu qoyması.
Azərbaycan çempionu 5 gündən sonra Uels liqasının qalibi ilə ilk qarşılaşmasına çıxacaq. "Sabah"ın çiyinlərində ağır yük var. Çünki "Qarabağ"ın taxtdan salmısansa, Avropada da ona yaxın nəticələr göstərməlisən. Gözləntilər budur. Hədəflər böyüyüb, minimum qruplarda iştirak tələb edilir və bu normaldır. "Sabah" da bunu anlamalı və yarışa ən uzağa gedə biləcək qədər girməlidir. Ləngimək, büdrəmək, ən kiçik səhvə belə yol vermək olmaz.