Bu gün "Barselona" Bakıda matça çıxır.


Rəqib Azərbaycan çempionu "Sabah"dır. Cümləni bir daha, daha geniş yazaq:


Azərbaycan çempionu "Sabah" bu gün Çempionlar Liqasının 5-ci turunda "Barselona"nı Bakıda qəbul edir.


Milyard dollarlıq cümlədir. 


Dünya futbol tarixinin ən titullu, ən böyük, ən nəhəng, ən əfsanəvi, ən simvolik, ən ikonik, ən arzulanan, ən sevilən, ən həsəd aparılan klublarından biri, forması altında dünya futbol tarixinə əbədi damğasını vurmuş futbolçuların oynadığı, yetişdiyi, xarüqələr göstərdiyi, dünya futbolunu dəyişən, əvəzolunmaz, fantastik, möhtəşəm, əlahəzrət "Barselona"...


Və biz bu əfsanəni bu axşam canlı izləyəcəyik.


Messi, Kroyf, Xavi, İnyesta, Puyol, Ronaldinyo, Ronaldo, Rivaldo, Romario, Neymar, Qvardiola, Lineker, Maradona... 


Bu formanı geyinən əfsanələrin siyahısını sonsuza qədər uzatmaq olar. Bu gün həmin forma Bakı Olimpiya Stadionunda Azərbaycan çempionuna qarşı oynayacaq.


Nəticədən, hesabdan asılı olmayaraq tarixi bir matç olacaq. "Sabah" çox gənc klubdur, ÇL-də debüt mövsümüdür və artıq əsas mərhələdə xallar toplayıb, bir qələbəsini qazanaraq minimum hədəfin öhdəsindən gəlib. İndi prosesdən, böyük turnirdə böyük komanda ilə qarşılaşmadan zövq almaq zamanıdır. 


Taktikadan, sxemlərdən danışmaq proqnoz vermək yanlış olar. Bu "Barselona"dır. Ərköyün Yamalsız da təhlükəli, amansız komandadır və bizim bu komanda ilə yeganə ümid yerimiz bəxtimizin dəhşətli gətirməsi, bizə rəhm eləməlidir. Özümüzü aldadıb nəsə qeyri-adi xəyallara dalmaq lazım deyil. Bu matçın nəticəsi də, hesabı da "Barselona" istədiyi kimi olacaq. Bizə imkan verəcəklərsə oynayacağıq, verməyəcəklərsə oynamayacağıq. Hər şey bu qədər sadədir və buna üzülmək yox, reallığı qəbul etmək gərəkdir. Dünya futbolunun zirvəsində olan bir komanda ilə oyunda biz ancaq bu mövqedə ola bilərik.


Bu matç hamımıza böyük futbol təcrübəsi verəcək. Oyunçular ən yüksək səviyyəli oyunçularla meydanda qarşılaşmanın, məşqçi nəhəngə qarşı komanda çıxartmağın, klub dünya brendi olan klubla ünsiyyətin, azarkeşlər olaraq biz isə elit səviyyəli futbolu canlı izləyərək şüuraltı mərhələ adlayacağıq. Daha heç nə əvvəlki kimi olmayacaq. Hər şey "Barselona" matçına qədər və ondan sonrakı dövrə ayrılacaq, Milad kimi olacaq.


Futbol bayramıdır, futboldan, onun yaratdığı bayramdan zövq alaq. Dünyanın gözü bu gün Bakıda, Azərbaycanda olacaq. Matç 200-ə yaxın ölkəyə canlı yayımlanacaq, dünyanın dörd bir yanından gəlmiş 300-dən çox jurnalist stadionda olub oyun haqqında məlumatları öz oxucularına ötürəcək, bizi təbliğ edəcək, adımızı, ölkəmizi, futbolumuzu dünyaya tanıdacaq. Gözəldir, böyük şansdır. 


Yaxşı gündür.


Salam, "Barselona"!


Uğurlar "Sabah"!