"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür etdi
- 26 Avq 2026 20:30
- 112
UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” klubu Azərbaycan Prezidenti İlham Əliyevin təbrik mesajı ilə bağlı təşəkkür məktubu ünvanlayıb.
Rekord.az xəbər verir ki, paytaxt klubunun sosial şəbəkə hesablarında da açıqlanmış müraciətdə bunlar qeyd edilib:
“Möhtərəm cənab Prezident,
“Sabah” Futbol Klubunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsinə göstərdiyiniz yüksək diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.
Sizin Azərbaycan idmanına, o cümlədən futbolun inkişafına göstərdiyiniz davamlı diqqət və qayğınız, idman klublarının inkişafı üçün yaradılmış imkanlar bu cür tarixi nailiyyətlər üçün böyük stimul verir, məsuliyyətimizi daha da yüksəldir.
Ölkəmizi Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək, Azərbaycan futbolunun adını daha da yüksəklərə qaldırmaq üçün bundan sonra da əzmlə mübarizə aparacağıq.
Nəticə etibarilə, biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik. Biz Sizdən, Azərbaycan xalqının böyük qələbələrinin memarından güc və İLHAM alırıq.
“Sabah” Futbol Klubu adından göstərdiyiniz yüksək diqqətə görə bir daha dərin təşəkkürümüzü bildiririk".