“Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı” - Dambrauskas
- 03 Noy 2025 22:30
 - 41
 
“Sabah” Misli Premyer Liqasının 10-cu turunun sonuncu matçında bu gün “Qəbələ”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis çox çətin oyun olduğunu bildirib:
“Əvvəlcə qələbə münasibəti ilə azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm. Həqiqətən, çox çətin oyun oldu. Rəqib ilk hissədə bizə çox çətinliklər yaşatdı. Kifayət qədər qol imkanları oldu. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq. Çox şadam ki, qapımızı bu gün toxunulmaz saxlayaraq üç xal qazandıq. Bəzən elə olur ki, qələbəni əldə etmək üçün çox qan-tər tökmək lazım olur. Biz bu gün onun şahidi olduq. Yenə də, bu qələbə münasibətilə “Sabah” ailəsini təbrik edirəm.
Transferlər barədə danışmaq hələ tezdir. Mən milli fasilədən öncə olacaq “Kəpəz”lə oyunu düşünürəm.
Yeri gəlmişkən, Pavol Şafranko ata olub. Mən bu münasibətlə onu təbrik edirəm. Biz artıq dörd oyundur ki, Şafrankosuz meydana çıxırıq. Müxtəlif həll yolları düşünürük. Onunla bağlı yaranmış boşluğu biz məşqçilər heyəti aradan qaldırmağa çalışırıq”.