“Real” Xabi Alonsonu istefaya göndərdi
- 12 Yan 2026 22:00
- 41
Madrid "Real"ı baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.
Artıq "Real"ın yeni baş məşqçisi də məlumdur. Klub əsas komandanı sabiq futbolçu Alvaro Arbeloaya tapşırılıb.
2009-2016-cı illərdə futbolçu kimi "Real"ın şərəfini qoruyan və 200-dən çox oyuna çıxan Arbeloa 2020-ci ildə məşqçi kimi kluba qayıdıb. O, akademiyada ("La Fabrika") aşağı yaş qrupları ilə, xüsusilə "Juvenil A" ilə qazandığı uğurlar sayəsində diqqət çəkib. Ötən yay isə o, digər klub əfsanəsi Raul Qonsalesi əvəzləyərək "Kastilya"nın (əvəzedici komanda) baş məşqçisi təyin edilmişdi. Rəhbərlik onun qısa müddətdəki fəaliyyətini yüksək qiymətləndirərək əsas komandanı ona etibar edib.
“Real” İspaniya Liqasında da lider “Barselona”nın əsas izləyicisidir.