Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə qran-pri turniri başa çatıb.


Rekord.az xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal yazdırıb. 


+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib. 


-90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medala yiyələnib. 


Daha əvvəl Hüseyn Allahyarov (-60 kq) bürünc mükafatın sahibi olmuşdu. 


Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.