"Tvente"nin UEFA Konfrans Liqasının pley-off mərhələsində sabah "Qarabağ"la keçirəcəyi cavab matçında heç bir bəhanəsi ola bilməz.

Rekord.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Con van den Brom Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

O, daha diqqətli oynamağın vacibliyindən danışıb:

"Oyundan bir neçə gün öncə gəlməyimiz futbolçular üçün rahatlıq deməkdir. Hazırlaşmağa kifayət qədər vaxtımız oldu. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışmışıq və buna kifayət qədər vaxt ayırmışıq. Sabah əvəz çıxmaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq".

Mütəxəssis "Qarabağ"ın çıxışına da toxunub:

"Rəqibdən çəkinmirik, lakin "Qarabağ"ın kifayət qədər yaxşı futbolçulara malik olduğunu deyə bilərəm. Sürətli futbolçuları var və taktikaları güclüdür. İlk oyunda necə bir komanda ilə üz-üzə olduğumuzu gördük. Bu səbəbdən daha diqqətli olmalıyıq".

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.