"Qarabağ" son 2 həftədə Avropa transfer bazarında növbəti mərhələyə adladı.

Komandanın meydanda işini yüksək səviyyədə görməsi kluba meydandan kənarda da böyümək imkanı verdi. Çempionlar Liqasında iştirak, sadəcə iştirak yox, mövsümə damğa vurulması Ağdam təmsilçisini dünya futbolunun diqqət mərkəzinə gətirdi. Bu isə yeni imkanlar deməkdir.

Həmin imkanlar son günlərdə Qarabağ"a 2 oyunçu sataraq təxminən 22 milyon manat (aşağı-yuxarı bu qədərdir, bu civarlardadır) əldə etmək şansı yaratdı.

22 milyon manat!

Andrade üçün təxminən 7, Duran üçün isə 15 milyon.

Azərbaycan futbolu möhtəşəmdən də ötə, hətta deyərdim fantastik rəqəmlərdir. Bu pul Premyer Liqamızda yarışan azı 3 klubun toplam illik büdcəsidir.

Məsələ həm rəqəmlərdədir, həm də deyil.

Niyə rəqəmlərdə olduğunu yazdıq. Bu məbləğdə transferləri indiyə qədər heç bir klubumuz imza atmayıb, yaxın zamanlarda atacağı da görünmür. Eyni zamanda, çox ciddi maliyyə axını, böyük gəlir deməkdir ki, onunla gələcəyə yatırım etmək, heyəti rahatlıqla yenidən formalaşdıraraq zirvə yolunda qalmaq olar, daha da uzağa getmək, irəliləmək olar.

Ona görə rəqəmlərdə deyil ki, əsas olan pulun məbləği yox, mənbəyidir. Azərbaycan klubu dünya futbolunun simvol klublarından olan "Seltik"ə birbaşa futbolçu satır. Ötən qış "Qarabağ" Braziliya nəhəngi "Flamenqo"ya 5 milyon avroya Juninyonu satanda bunu gözlənilməzlik kimi qiymətləndirmişdik. Təəccüblənmişdik.

İndi də təəccüblənirik. Ancaq reallığın dəyişdiyini də anlayırıq. "Qarabağ" Avropa transfer bazarında aktiv və ən əsası etibarlı tərəfə çevrilib. Ona inanırlar. "Flamenqo"dan fərqli olaraq, "Seltik" ayrı bir səviyyədir, elitadır. Bu klub buradan birbaşa oyunçu alırsa, "Qarabağ"ı layiqli tərəfdaş hesab edir, özü ilə birlikdə növbəti mərhələyə yüksəldir. Sabah bu keçidə İngiltərə Premyer Liqası təmsilçiləri də diqqət yetirəcək, nəzərlərini biz tərəfə yönəldəcəklər.

Və bu nəzərlər təsadüfi olmayacaq.

Çünki "Qarabağ" Azərbaycan futbolunun elitasıdır. Qazanılan uğurlar, yazılan tarixlər bunu göstərirdi, indi də transferləriylə gücünü ortaya qoya bildi.

Təbrik ediləsi, alqışlanası hadisədir.

Başqalarına nümunə olsun!