"Neftçi" liderliyə qayıtdı


Çox çətin, qarşılıqlı hücumlar, gərgin mübarizə şəraitində keçən qarşılaşmada "ağ-qaralar" daha dəqiq oynayaraq qələbə qazandılar. 


Heç də asan olmadı. Meydan sahibləri adlı-sanlı rəqibindən çəkinməyərək oyunu hücumda keçirdilər. Başlanğıcda da, gedişatda da təhlükəli olaraq qollar da vurdular, qonaqlara ağır anlar yaşatdılar. Azər Bağırov əla komanda yaradıb.


"Neftçi" isə öz klasını ortaya qoyaraq oynadı. Heyətdə yüksək fərdi ustalığa malik oyunçuların çoxluğu komandaya ən çətin qarşılaşmalarda belə nəticə qazanmağa imkan verir. Vernidubun tətbiq etdiyi intensiv futbol təkcə fiziki yox, həm də mental hazırlıq tələb edir. Almeyda, Klisman və digərləri bu baxımdan ön plana çıxan futbolçulardırlar, bu matçda da eynisini edə bildilər. Ehtiyat qüvvədə də çıxıb oyunu həll edəcək oyunçular olduğundan "ağ-qaralar" çətin durumlardan çıxa bilirlər.


Amma zəif nöqtələr də var. Qışda komandaya mütləq yaxşı bir qapıçı və bir mərkəz müdafiəçisi alınmalıdır. Orta xətdə, hücumda işlər qaydasındadır və bu səbəbdən "Neftçi"nin çempionatda ən çox qol vuran komandadır. Ancaq arxa xətt lazımi səviyyədə deyil. Hətta deyərdim ciddi problemlər var. Ribeyro məsuliyyətsizdir, Bədəlovun yanından bəzən yox kimi keçirlər, adam elə səhvlər edir ki, müzakirəsi belə yersizdir. Tək Qravilyonla isə iş getməz. İndidən transfer çalışmalarına başlamaq lazımdır, komanda çempionluq yarışında qalmaq istəyirsə, təbii ki.


Amma bu gün əsas olan 3 xal idi, o da "Neftçi"nin aktivindədir. Hamının büdrədiyi həftədə qazanılan bu qələbənin mahiyyəti liqanın sonunda daha yaxşı anlaşılacaq.