Qadın voleybolçular arasında Azərbaycan çempionatında qarşıdakı mövsümdə yeni klub iştirak edəcək. "Rekord.az" xəbər verir ki, Naxçıvanın "Möminə Xatun" voleybol klubu 2026-2027-ci illər mövsümündə Yüksək Liqada mübarizə aparacaq.
Bu addım ölkə voleybolunun regionlarda inkişafı istiqamətində mühüm hadisə olmaqla yanaşı, Naxçıvan təmsilçisinin tarixdə ilk dəfə qadınların əsas çempionatında iştirakını təmin edəcək. Klub rəhbərliyi komandanın çempionata uğurlu hazırlığını davam etdirdiyini, əsas məqsədin güclü və rəqabətqabiliyyətli kollektiv formalaşdırmaq olduğunu bildirib.
Qeyd edək ki, 2024-cü ildə yaradılan "Möminə Xatun" klubunun U16 komandası 2025-ci ildə Azərbaycan çempionu olub, U14 və U18 komandaları isə 2026-cı il ölkə çempionatında bürünc medal qazanıblar.