Bakıda qadın voleybolçuların Avropa çempionatının kubokunun təqdimatı olub. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində həmçinin mətbuat konfransı keçirilib. 

Tədbirdə iştirak edən millimizin kapitanı Ayşən Abduləzimova fikirlərini bölüşüb:

"Artıq ikinci dəfədir ki, ölkəmiz qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edir. 2017-ci ildə uğurlu nəticə qazanmışdıq. Bu dəfə də yaxşı çıxış edib uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

A.Abduləzimova yığmanın əsas oyunçularından olan Polina Rəhimovanın da artıq komandaya qoşulduğu və bunun oyunlarda çox kömək olacağını bildirib. 

Kapitanımız ilk məqsədin qrupda yaxşı çıxış edib növbəti mərhələyə yüksəlmək olduğunu deyib: “İlk məqsədimiz əlbəttə ki, qrupdan çıxmaqdır. İnanıram ki, buna nail olacağıq, bizi sevənləri, azarkeşləri sevindirə biləcəyik".