Milli haqda YAZI
- 11:00
- 42
Milli komanda DÇ-2026-nın seçmə mərhələsini başa vurdu. Son matçımızda Fransaya 1:3 hesabı ilə uduzduq. Rəqibin adını, statusunu, heyətindəki futbolçuların səviyyəsini, qiymətini göz önünə gətirəndə müzakirəyə yer qalmır. İndiki durumumuzda Fransaya 1 qol vurmaq belə uğurdu. Hansı ki, Deşam özü də etiraf elədi ki, Azərbaycandan bu cür start gözləmirdik. Bəzən qınayırıq ki, çox müdafiədən oynamayaq, hücum futbolu oynayaq, amma hər komandaya qarşı da bunu etmək olmur. Sağdan, soldan, mərkəzdən gəlirlər üstünə, Azərbaycan çempionatında ehtiyatda qalan futbolçularla onların qabağını ala bilmirsən. Bu mənada milli komanda o cür təzyiqin qarşısında yaxşı tab gətirdi.
Təbii ki, bizim hədəfimiz Fransanı udmaq deyil. Bu gün bizim əsas hədəfimiz Millətlər Liqası üçün komanda formalaşdırmaq, ora hazırlaşmaq və yenidən C Liqasına qayıtmaqdı. Kiminlə? Birmənalı şəkildə Ayxan Abbasovla yola davam etməliyik. İlk gündən Abbasovun təyinatını dəstəkləyənlərdən olmuşam, bu gün də fikirimdə qalıram. Onun qısa müddətli dövründə də, milli komandada inkişaf gördüm ki, geri addım görmədim. Adam qol da vurdu, xal da qazandı. Qələbə qazanmağa isə rəqiblərlə aramızda olan səviyyə fərqi imkan vermədi. Baş məşqçi də qısa müddətdə sehirbazlıq edə bilməzdi. Ən azı de Byazidən, Yurçeviçdən daha yaxşısını etdi, heç olmasa mübarizə ruhu formalaşdıra bildi, çıxıb 0:5, 0:6 kimi hesablarla uduzmadıq. Şübhəm yoxdur ki, Ayxan Abbasov işinə davam etsə, Millətlər Liqasının D Liqasından çempion kimi C Liqasına qayıda biləcəyik. Bu yolda hamılıqla ona dəstək olmalıyıq. AFFA da inanıram ki, lazımı dəstəyi və şəraiti təmin edəcək. Əcnəbilərə yaradılan şəraitin 50 faizi də olsa, bəs edər. Bir də klublarımız. Bu haqda ayrıca yazacam geniş şəkildə.
Legioner limitinin ləğvinə müsbət yanaşanlardan oldum. Ona görə ki, yerli futbolçular yastığı başlarının altından götürüb ölkədən kənara çıxmaq haqda düşünsün. Mahir kimi, Rüfət kimi. Burda qalanlara isə klublar şərait yaratmalıdır. Limitin ləğvi o demək deyil ki, 12 komandanın hamısının heyəti başdan-ayağa legioner olmalıdır. Onsuz ola da bilməz, çünki bəlli rüsum var, limiti keçdinsə, rüsum ödəməlisən. 3-4 klubu çıxmaq şərti ilə qalan klubların elə böyük büdcəsi yoxdur. Həmin klublar çalışmalıdır ki, bacarıqlı, istedadlı yerlilərə daha çox şans versin. 3 min maaşa oynamağa razı olan legionerin səviyyəsi onsuz da məlumdu. O pulu ver istedadlı yerlini oynat. "Qəbələ", "Kəpəz", "Karvan", "İmişli", "Şamaxı" kimi klublar bunu edə bilər. Bir növü keçmiş "Şəfa" modeli. "Şamaxı" bu baxımdan seçilir, Ayxan Abbasov istedadı olan yerliləri o kluba cəlb edib, gözünə də 4-5 legioner qatmaqla döyüşkən komanda formalaşdırıb. İddialı klublar da bu mənada kömək etməlidir. Məsələn, "Qarabağ", "Neftçi", "Sabah" kimi klublar hansısa istedadlı yerlini ehtiyarda saxlamaqdansa, onu bu cür klublara icarəyə verməlidir ki, həmin futbolçular oynasın və milliyə də daha faydalı olsunlar. Bu gün Rza Cəfərov, Nadir Orucov, Nİhad Əhmədzadə, Şahin Şahniyarov, Eşqin Əhmədov, Murad Məmmədov, Emin Səfərov, Nicat Mehbalıyev, Abdulla Rzayev, Fərid Yusifli, Rövlan Muradov, Hacıağa Hacılı kimi yerlilər davamlı oynamalı, 90 dəqiqə meydançada olmalıdır. Onsuz da yerli futbolçu qıtlığı yaşayırıq, az-çox istedadı olanlar da ehtiyatda oturmamalıdır. 29-30-31 yaşı olan yerliləri hardasa başa düşürəm. Klublara ehtiyatda oturmağa, sifariş ərizəsini doldurmağa yerli lazımdırsa, heç olmasa bu yaşda olanları götürsünlər. 20-21 yaşla 27-28 yaş aralığında olan, xüsusilə əsl oynamalı vaxtları olan 22-23-24 yaşlı futbolçuları ehtiyatda saxlamaq olmaz. İmkan yaratmaq lazımdı o futbolçular daimi 90 dəqiqə oynaya biləcəyi klublara getsinlər. Təbii ki, futbolçular özləri də bunda maraqlı olmalıdır.
Anar XANLAROV