“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə” ilə üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı matçda 2:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib. Həşimov gələcəkdə daha dinamik komanda olacaqlarına inandığını bildirib:


“CBC Sport” kanalını (ad günü ilə bağlı) təbrik edirəm. Kanalın rəhbərliyinə minnətdaram ki, daim Azərbaycan futbolunu işıqlandırırlar.


Oyuna gəlincə, standart vəziyyətlərdən qollar buraxdıq. Futbolçulara daha diqqətli olmalarını tapşırmışdıq. Məşqçi çıxıb orda futbolçunun yerinə mübarizə aparmamalıdır.


Komandamız neçə illərdən sonra Premyer Liqaya qayıdıb, yeni komandayıq. Meydança problemlərimiz var idi, həll olunub, öz meydançamızda məşq edirik. Bunun nəticəsini qarşıdakı oyunlarda görəcəyik. İnanıram ki, daha dinamik, daha sürətli komanda olacağıq.


Coy Mikels “Kəpəz”lə oyundan sonra iki ay futboldan uzaq qalmışdı. Bu gün də iynə-dərmanla meydana çıxmışdı. Bilirdik zədəli olduğunu, ona görə də, bunlar futbolda qaçılmazdır.


Araz Abdullayevin də arxa əzələlərində problem yarandı. Mikro zədədir. Düşünürəm ki, növbəti oyunlarda komandaya qoşulacaq.


Güman edirəm ki, oyundan-oyuna fərq var. Düzdür, futbolda belə bir şey var ki, yaxşı oynayıb məğlub olmaqdansa, pis oynayıb qələbə qazanmaq daha yaxşıdır. Ona görə ki, xallarımızın üstünə xal gəlir. Bu gün oyundan razı, nəticədən isə narazıyıq. Komandama inanıram və düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. “Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”.