“Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq”
- 01:00
- 33
"Quba" komandası "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin cavab oyununda daha yaxşı nəticə göstərməyə çalışacaq.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov matçdan sonra açıqlamasında bildirib.
Onlara dəstək olan azarkeşlərə təşəkkür edən mütəxəssis 89:101 hesabı ilə uduzduqları matç barədə danışıb.
"Tərəfdarlarımızı sevindirməyə çalışdıq. Təəssüf ki, alınmadı. Cavab matçında daha yaxşısını etmək üçün oynayacağıq. Təəssüf ki, bu gün uduzduq. Halbuki görüşə yaxşı hazırlaşmışdıq və uğurlu nəticə qazanmaq istəyirdik. Rəqib bizə qarşı çox güclü müdafiə tətbiq etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. Oyunçularımız əllərindən gələni etdilər".
Əsgərov ehtiyatdakı oyunçuların ilk "beşliy"ə kömək edə bilmədiyini sözlərinə əlavə edib:
"Oyunu ilk dəqiqədən sona qədər eyni heyətlə oynamaq olmur. Ən böyük problemimiz budur. Basketbolçularım bacardıqlarını ortaya qoydular. Onları qınaya da bilmərəm. Ən yaxşısını etməyə çalışdılar. A qrupundan gəlmiş rəqibə qarşı oynayırdıq. Çalışacağıq ki, bu matçdakı səhvlərimizi aradan qaldıraq və ikinci matçda qalib gələk. Cütün taleyini üçüncü matça daşımağa çalışacağıq. Çətin olacaq. Rəqib meydançasında oynayacağıq. Amma bacardığımızı edəcəyik".