Bizon Azərbaycan Kubokundan son zirvə döyüşü YAZI
- 19:55
- 40
Sabah Bizon Azərbaycan Kubokunun finalı oynanılacaq.
Vacib qarşılaşmadır.
İş elə gətirib ki, "Zirə"nin məğlubiyyətini Premyer Liqada hazırda ilk 4 pillədə olan bütün komandalar istəyir. "Sabah" təbii ki əlavə titul üçün, "Qarabağ" Avropa Liqasında oynamaq, "Turan" Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən başlamaq, "Neftçi" isə mövsümə uğurlu nöqtə qoyub KL də olsa, avrokuboklara getmək üçün. Bir sözlə, hamı Rəşad Sadıqov və yetirmələrinə qarşıdır.
Normaldır, yəqin onlara da lazım olsaydı, onlar da bu istəkdə olardılar.
Favorit "Sabah"dır. Valdas Dambrauskas Azərbaycandakı ilk mövsümünü qızıl dublla bitirmək, qazandığı kubokların sayını artırmaq üçün çalışacaq. Komanda da dünya futbolunda adından söz etdirdiyi mövsümdə "Qarabağ"ı üstələməklə daha bir titulla bəzəmək üçün səy göstərəcəkdirlər. Heyət olaraq da, güc olaraq da daha yaxşıdırlar, qələbəyə yaxın tərəfdirlər. Qalib gəlsələr, təbii qarşılanacaq.
"Zirə" isə son şansından yararlanmağa məcburdur. Enişli-yoxuşlu qrafiklə yadda qalan mövsümdə "qartallar" əsasən heyət problemlərini həll etməklə məşğul oldular. Rəşad Sadıqov artıq payızda klub tarixinin 3 ən çox qol vuran futbolçusunun xidmətindən məhrum olmuşdu. Yayda Suma və Utziq getdi, Volkov isə bir az sonra zədələnərək sıradan çıxdı. İş o yerə çatmışdı ki, o nöqtədə Cibrilaya qədər şans verildi. Yalnız Davitin qayıdışı və Eren Aydının transferindən sonra işlər qaydasına düşdü, o vaxta qədər də "Neftçi" inanılmaz bir sürət yığmışdı və finiş düzlüyündə onları arxada qoydu. İndi çempionatdan Avropaya getmək şansı xeyli azalıb. Qalır kubok. Ya tamam, ya davam.
Matçın özünün darıxdırıcı keçəcəyini düşünmürəm. "Sabah" zatən arxaya oturan komanda deyil, "Zirə" isə istəsə belə bütün 90, bəlkə də 120 dəqiqəni müdafiədə keçirə bilməz. Ölkə çempionatının ən güclü, ən məhsuldar hücum xəttinə qarşı sadəcə geridə qalaraq mübarizə aparmaq böyük səhv olar. "Sabah" öz qolunu vuracaq. Ona görə də Rəşad Sadıqov riskə getməli, qarşı tərəfə sanki lotereya təklif etməlidir. İlk 15 dəqiqədə pressinqlə 1 qol vurub geri çəkilmək, ya rəqibinin start təzyiqinə dözüb sakitləşməyini gözləmək və bundan istifadə etmək, ya da başqa variantlar üzərində düşünməlidir. Şübhəm yoxdur ki, düşünüb.
Dambrauskas isə xüsusilə nəsə barədə düşünməyəcək. Əlinin altında mövsüm ərzində sınaqdan keçmiş, işlək, nəticə gətirən mexanizm var. Sadəcə onu tam hazır vəziyyətə gətirib döyüşə atmaq lazımdır. Oyunçularına yaxşı motivasiya verməklə buna rahatlıqla nail ola bilər.
Bizə isə bu ağıl döyüşünü izləmək, zövq almaq qalır. Finala layiq oyun olsun!