İlgiz Tantaşevin adı mundiala dəvət alan hakimlər sırasında çıxanda bunu öz hakimlərimizə örnək kimi göstərdik ki, axı niyə bizim də mundialda, Avropa çempionatında hakimimiz yoxdur. Futbolçularımızı başa düşdük, əvvəldən o səviyyədə olmamışıq. Amma hakimlik məktəbimiz olub axı. Tofiq Bəhramov, Eldar Əzimzadə bunlar sıradan hakimlər olmayıb. Biri DÇ, ÇL idarə edib, biri olimpiada. Bu məktəbin davamı gəlmir. Özbəklərin mundialda daha öncə Ravşan İrmatovu olmuşdu. Bu dəfə isə İlgiz Tantaşev. Amma səmimi deyim, Tantaşevin Paraqvay-Fransa oyunundakı idarəçiliyini görüb öz hakimlərimizə şükür etdim. 4-5 hakimimizin adını çəkərəm ki, dünənki oyunu Tantaşevdən daha yaxşı idarə edərdi. Adamın idarəçiliyi fiasko idi. Oyunu diqqətlə izləyənlər də gördü ki, Paraqvayın oynadığı futbol deyildi. Söhbət onların müdafiədən oynamasından getmirdi. Səviyyə fərqi var, təbii ki, Fransa önündə açıq futbol oynaya bilmərsən, oturmalısan arxaya. Əzmkarlığı da başa düşdüm, döyüşməlisən, vuruşmalısan. Amma Paraqvayınkı bunlardan heç biri deyildi. Onların ortaya qoyduğu futbol adına ləkə idi. Davamlı rəqibi təxribata çəkmək, vurmaq, yıxmaq, sındırmaq. Hətta mən Deşamın yerinə olsaydım, sona 15 dəqiqə qalmış Mbapeni oyundan çıxardardım. Çünki paraqvaylılar hər an onu sındıra bilərdilər. Bəzən 3 nəfər aşkar şəkildə onu araya alıb itələyir, ayağına təpik vururdu. Adam sadəcə, yüksək peşəkarlıq göstərib bu təxribatların heç birinə getmədi və özünə qarşı olanları gülərək yola verdi.

Təsəvvür edin, oyun ərzində Paraqvay futbolçuları 18 dəfə qayda pozuntusuna yol verdi ki, bunların da ən azı yarısı vərəqəlik idi. 3 epizodda isə hətta qırmızı qaçılmaz idi. Bir epizodda Matias Qalarza Jules Kundenin sifətinə dirsəklə açıq şəkildə zərbə endirdi. Həmin Qalarza eyni dirsək zərbəsini başqa bir epizodda, düz hakimin gözü önündə Mbapeyə də endirdi. Bir epizodda isə Qustavo Velaske Fransanın qapıçısı Menyanla mübarizə zamanı yerdə qalan əlcək sahibinin başına zərbə endirdi. Başqa bir epizodda isə Kasaeres ikili mübarizə zamanı hakimin fitindən sonra açıq ayaqla Mbapeni ayağının qorunmayan hissəsinə zərbə endirdi. Maraqlıdır ki, bütün bu epizodların heç birində hakim nəinki qırmızı, heç sarı vərəqə də göstərmədi. Maraq doğuran digər məsələ bu epizodlara VAR-dan da heç bir reaksiyanın gəlməməsidir. Ki, VAR hakimi də Paraqvayla eyni qitədə yerləşən və yaxın olan Çilidən Xuan Lara idi. İngiltərə millisinin keçmiş qapıçısı Co Hartın açıqlaması da diqqətimi çəkd ki, "Paraqvay futbolçularının etdikləri tamamilə rüsvayçılıq idi və əgər onlar mənim komandamda olsaydılar, dərhal meydandan çıxarardım".

Qısası, "filankəs dünya çempionatına təyinat alıb" demək hələ filankəsin yüksək səviyyəli hakim olması demək deyil. Bəs necə olur ki, gedib ora çıxırlar, niyə biz ora gedib çıxa bilmirik, bunu da biz özümüz fikirləşməliyik...