Bu gün qadın voleybolçuların Avropa çempionatının kubokunun təqdimatına həsr olunmuş voleybol festivalı keçirilib. "Rekord.az" xəbər verir ki, festivaldan öncə yarışın kuboku Qız qalası ətrafına gətirilib.

Burada millimizin oyunçularının, yarışın rəsmi maskotu ACE-in kubokla fotosessiyası təşkil olunub. Həmçinin şəhər sakinləri və voleybolsevərlər yarışın kuboku ilə yaxından tanış olublar, şəkil çəkdiriblər.

Daha sonra Dəniz Mall-un qarşısında voleybol festivalına start verilib. Festival ərazisində EuroVolley 2026 Women turnirini əks etdirən xüsusi fotozonalar və voleybol meydançaları qurulub. Festivalda iştirak edənlər Avropa çempionatının kuboku ilə şəkil çəkdiriblər, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşmək imkanı qazanıblar. Fotozonalarda şəkil çəkdirərək sosial şəbəkələrdə #EuroVolleyW həştəqi ilə paylaşım edənlərə isə Avropa çempionatının oyunlarına bilet hədiyyə olunub.