“Latviya yığması Azərbaycanla keçirəcəyi yoldaşlıq görüşünə ciddi yanaşır”.


Rekord.az xəbər verir ki, bunu millinin baş məşqçisi Paolo Nikolato oyundan öncə keçirilən mətbuat konfransında deyib.


O, nikbin olduğunu qeyd edib:


"Azərbaycanla oyuna 5 gün ərzində hazırlaşmışıq. Bəzi çətinliklərimiz olsa da, problemləri həll edərək, müvəffəqiyyət qazanmaq istəyirik. Sabahkı matç ərəfəsində nikbinəm. Hər görüşə ciddi yanaşırıq. Rəqibimiz FIFA reytinqində 119-cu pillədə qərarlaşır. Özümüzdən yuxarıda olan komandalarla oynayaraq, inkişafa nail olmaq istəyirik.


Heyətimizdə yeni oyunçular var. Onlara özlərini göstərmək imkanı veririk. Belə oyunlar da bacarıqlarını ortaya qoymaq baxımından şansdır. Bizim üçün vacib olan məqam hər futbolçunun özünü burada vacib fiqur kimi hiss etməsidir. Yeni futbolçularda güclü komandalara qarşı matçlarda qorxu hissinin olmaması da önəmlidir. Milli komandanın gücü daxili liqanın səviyyəsi ilə ölçülür. Nə qədər çox futbolçumuz güclü klubda oynasa, millimiz üçün bir o qədər yaxşı olar.


Azərbaycan millisi ilə keçmişdə keçirdiyimiz oyunlara baxmırıq. 5 il əvvəlki son oyunda Latviyanın Azərbaycana məğlub olması mənim üçün əhəmiyyətli deyil. Hər zaman bu günün tələblərinə görə hərəkət edirik. Çünki futbolda bir dəqiqənin içində çox şey dəyişir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dünyaca tanınmış mütəxəssisdir. Onun işinə, uğurlarına böyük hörmətlə yanaşıram. Əlbəttə ki, bunu nəzərə alırıq.


Azərbaycanla oyundan sonra Albaniya ilə rəsmi matça çıxacağıq. Təbii ki, heyətdə 50 faiz dəyişiklik olub. Azərbaycanla görüşdən sonra bütün diqqətimizi albanlarla qarşılaşmaya yönəldəcəyik".