“Feysbuk” xatırladır. Sağ olsun, Mark Zukerberq. Elə bir vasitə icad edib ki, yaddaşı zəif olanların da yadından nəyinsə çıxmasına imkan vermir. Hər gün səhər yuxudan oyananda ötən illəri vərəqləyib, əvvəlki illərin bu vədələrində nələrin yaşandığını, nədən danışdığımızı xatırlayıram. Millimizin Maltaya 0:2 hesabıyla uduzduğu günün ertəsi də ilk məşğuliyyətim bu oldu.


Görürəm ki, keçən il bu vaxtı millimiz Fernandu Santuşun rəhbərliyi altında Latviya ilə oyuna hazırlaşırmış. Mən də hələ oyundan əvvəl narahatlığımı ifadə edib, yaxşı nəticəyə ümid edə bilmədiyimi deyibmişəm. Elə gözlədiyim kimi də olub, Latviya ilə görüş 0:0 hesabıyla yekunlaşıb. 2021-ci ilin bu günlərində isə Moldovaya məğlub olmuşuq. Özü də Moldova bizdən əvvəl uzun müddət qələbəyə həsrət qalıb, üstələdiyi sonuncu komanda isə 2019-cu ildə Andorra imiş. İki il sonda moldovanları bizimkilər sevindirib. Beləcə tarix yaza-yaza gedirik.


Bu tarix bizə həm də onu göstərir ki, millinin başında kimin dayanmasından asılı olmayaraq, nəticələr dəyişmir. Çünki biz normal futbol oynamağı, lap sadə dillə desəm, qol vurmağı bacarmırıq. Dünən millinin baş məşqçisi Ayxan Abbasov da Maltaya qarşı oyunda çoxlu qol vəziyyəti yaratdığımızı önə çəkib, bizə təsəlli verməyə çalışıb. Rəhmətlik alman məşqçi Kristof Daumun yaxşı bir sözü var idi. Deyirdi ki, futbolu bir cinsi əlaqəylə müqayisə etsək, qol vurmaq orqazma çatmağa bənzəyir. Yəni ki, sən qol vurmamasınsan, bu işlə boşuna məşğul olmusan, orqazma çatmamısan.


İndi bizim oynadığımız futbol da ondadır. Sosial şəbəkələri izləyirəm, ümidini itirməyən, pozitiv olmağa çalışanlar bu məğlubiyyətin yerli baş məşqçi ilə alındığından təskinlik tapır, Ayxan Abbasova vaxt vermək lazım olduğunu deyir. AFFA-nın illərdir apardığı əcnəbi sevdalı siyasətinin nəticəsidir ki, biz indi millidə azərbaycanlı məşqçinin işləməsiylə özümüzü ovundurub, məğlubiyyətlə barışırıq. Deyirik ki, onsuz da uduzacağdıq, qoy yerli ilə uduzaq. Amma bir acı həqiqət də var axı. İllərimiz, milyonlarımız gedir, futbolumuz isə bataqlıqdan çıxa bilmir.


Neynəməliyik? Ayxan Abbasova vaxt verilməlidir, mən də razı. Onsuz da ortada doğru-düzgün futbolçumuz yoxdur. Mahir Emreli “Kazyerslautern”dən qovulmaq ərəfəsindədir. Renat Dadaşovun “motoru” Polşada “Motor”da oynamağ yetərli olmadı. “Qarabağ”dan qovulmuş sayılan Elvin Cəfərquliyevə görə də xərcə düşmək istəyən yoxdur. Şahruddin Məhəmmədəliyev karyerasını bitirəndən sonra millinin qapısını kimə tapşıracağımızı bilmirik.


Deməli, Ayxan Abbasova təkcə vaxt verməklə olmayacaq. Başqa nəsə etməliyik. Aha, tapmışam. AFFA üçün əla təklifim var. “Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandesi və isveçrəli Kərim Rossini “milliləşdirməliyik”. Onların yanına daha bir-iki nəfəri qoşmaq olar. Misal üçün, “Sumqayıt”dan Nikola Ninkoviçi, “Sabah”dakı Mikelsi və onun qardaşlarını. Bir vacib şərt də var. Milli rəqiblərini Şamaxıdakı süni örtüklü meydançada və Qubanın palçıqlı stadionunda qəbul etməlidir. Bəlkə onda nəsə edə bildik.