Tovuz Şimali Koreya deyil
- 14:29
- 45
Şimali Koreyanın futbol yığması 2010-cu ildə CAR-da keçirilən dünya çempionatına vəsiqə qazanmışdı. 44 il sonra dünya çempionatının finalına vəsiqə qazanmaq ölkə futbolu üçün böyük uğur sayılırdı. Siyasi hakimiyyət də bu uğurun reklamını geninə-boluna edib, ölkədə futbolun inkişaf etdiyini göstərmək, kapitalist dünyasına acıq vermək imkanını qaçırmamışdı. Əhali də qazanılan uğurdan feyziyab olmuşdu.
Belə bir məqamda məğlub olmaq, hakimiyyətin təbliğat maşınının işini pozmaq heç yerinə düşməzdi. Amma qrupdaki Braziliya, Portuqaliya kimi güclü və amansız rəqiblərə bunu izah etmək mümkünsüz idi. Səviyyə fərqi də özünü nəticələrdə göstərdi. İlk turda Braziliyaya qarşı yaxşı mübarizə aparmağa çalışan Şimali Koreya məğlubiyyətdən qaça bilmədi. Cün Yun Namın fərqləndiyi oyunda Braziliya 2:1 hesablı qələbəyə sevindi. Portuqaliya ilə oyun isə daha böyük hesabla bitdi – 0:7. Fil Dişi Sahili də Şimali Koreyanın qapısına üç cavabsız top vurdu.
Şimali Koreya rəhbərliyi bu vəziyyətdən özünəməxsus çıxış yolu tapdı. Oyunlar ölkə ərazisində canlı göstərilmir, yerli əhaliyə internetə və xarici telekanallara çıxış imkanı verilmirdi. Dövlət televiziyası xalqın yeganə informasiya mənbəyi kimi alternativsiz idi. Belədə xalqı da aldatmaq çətin olmadı. Əhaliyə bildirildi ki, Şimali Koreya yığması dünya çempionatına əla start verib və Braziliyanı 3:0 hesabıyla məğlub edib. Sadəlöhv insanlar da buna inanıb, yığma komandanın qələbəsini bayram etməyə başladı. Sizə gülməli gəlsə də, acı reallıq belə idi.
Məsəli bizdən uzaq olsun, indi kimlərsə “Turan Tovuz”un ətrafında məhz bu cür ab-hava yaradıb, qərb təmsilçisinə könül verən azarkeşlərin hissləri ilə oynayır. Komanda rusiyalı çalışdırıcı Kurban Berdıyevin rəhbərliyi altında cansıxıcı oyun sərgiləyir. Kluba rəhbərlik edən dəyərli iş adamı Ehtiram Quliyevin səxavəti, komanda üçün böyük xərclərdən çəkinmədiyi heç kimə sirr deyil. Tovuzda komanda üçün əla şərait yaradılıb, işıqlandırma sistemi, təbii örtük müasir standartlara cavab verir. Legionerlərin sayı hesabı-yoxdur, Berdıyevin istədiyi futbolçular alınıb. 74 yaşlı mütəxəssis özüylə bir dəstə köməkçi, massajçı, həkim də gətirib. Amma komandanın nəticələri bir yana, heç sərgilədiyi oyun da çəkilən xərclərə, yaradılan şəraitə uyğun deyil. Buna baxmayaraq, kimlərsə özünü heç nə olmamış kimi aparır, iddia edirlər ki, “Turan Tovuz” Berdıyevin başçılığı ilə əla futbol oynayır, çempionluq uğrunda mübarizə aparır.
“Turan Tovuz” ötən mövsüm çulunu birtəhər sudan çıxara bildi. Bu mövsümün startı isə heç də ürəkaçan deyil. Komanda doğma meydanda “Qəbələ”ni zorla və minimal hesabla məğlub etdi. Ondan sonra nə “Şamaxı”nın, nə də “Kəpəz”in qapısına yol tapmaq mümkün olmadı. “Qərb derbisi”ndəki məğlubiyyət isə “Turan Tovuz”un iddialarına böyük zərbə vurdu. Ehtiram bəy mövsüm öncəsi çempionluq uğrunda mübarizə aparacaqlarını açıqlamışdı. Lakin görünən dağa bələdçi lazım deyil. Komandanın sərgilədiyi oyun da, nəticələri də bu iddialardan uzaqdır. İndiki şəraitdə “Turan Tovuz”un heç 3-cü yer uğrunda mübarizə aparacağı real görünmür. Deməli, “həyəcan təbili”ni çalmaq, Berdıyevi də gürcü Tsxadadzenin arxasında istefaya göndərmək lazımdır. Onsuz da yetərincə zaman itirilib. Heç kimi tovuzlu azarkeşlərin futbol biliyinə şübhə etməsin. Onları Şimali Koreya ilə səhv salmaq olmaz. Tovuzlu azarkeşlər Gəncədə Berdıyevin üzünə “uxodi” dedilərsə, bu çağırışı eşitmək lazımdır.