
Azərbaycan hakimləri AÇ-yə təyinat alıblar
- 04 İyn 2025 14:00
- 63
Azərbaycan FIBA dərəcəli hakimləri, Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina Avropa çempionatı matçlarına təyinat alıblar.
Rekord.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Referilər iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında Azərbaycanı təmsil edəcəklər.
Ələkbər Həsənov Serbiyada 18 yaşadək (A divizionu, 26 iyul-3 avqust), Gürcüstanda 16 yaşadək (A divizionu, 8-16 avqust) oğlan basketbolçulardan ibarət komandaların yarışında idarəçilik edəcək.
Ruslan Xalıqov Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust) və 16 yaşadək qızların (A divizionu, 15-23 avqust), həmçinin Albaniyada 16 yaşadək oğlanların (C divizionu, 5-13 iyul) yarışında iş başında olacaq.
Urfan Bayramlı Rumıniyada 18 yaşadək oğlanların (B divizionu, 25 iyul-3 avqust), Türkiyədə 20 yaşadək qızların (B divizionu, 20-29 avqust), Şimali Makedoniyada 16 yaşadək oğlanların (B divizionu, 7-16 avqust) yarışında fitini səsləndirəcək.
Anastasiya Slojenitsina isə Litva 18 yaşadək qızlar (B divizionu, 4-13 iyul) arasında baş tutacaq turnirdə idarəçilik edəcək.