
Azərbaycan çempionatının başlama tarixi və reqlamenti müəyyənləşdi
- 17:30
- 35
Basketbol üzrə XXXI Azərbaycan Çempionatının başlama tarixi və reqlamenti müəyyənləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünə sentyabrın 28-də start veriləcək.
Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümün oyunları "A" və "B" qrupları üzərindən baş tutacaq. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:
A qrupu: "Sabah" BK, "Neftçi" İK, "Şəki" BK, "Abşeron Lions" BK, NTD BK, "Gəncə" BK
B qrupu: "Naxçıvan" BK, "Ordu" İK, "Sərhədçi" PİK, "Sumqayıt" BK, "Quba" BK, "Lənkəran" BK
Müntəzəm çempionatın "A" qrupunun oyunlarında meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. "B" qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə "A" qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, "B" qrupunu lider bitirmiş komanda pley-off'un 1/4 final mərhələsinə vəsiqə qazanacaq. "A" və "B" qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə edəcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.
Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü sıralamada ilk 8-likdə tamamlamış klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9–12-ci yerləri tutmuş klublar isə ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq ikinci liqada (ABL 2) mübarizə aparacaqlar.