Azər Bağırov: “Qəbələ” bu gün daha yaxşı çıxış etdi”
- 18:30
- 45
“Kəpəz” bu gün Misli Premyer Liqasının 26-cı turunun açılış matçında “Qəbələ” ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyunda 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun matçdan sonra mətbuat konfransı olub.
Bağırov “Qəbələ”nin bu gün meydanda daha yaxşı olduğunu bildirib:
“Aprelin ilk günlərində dünyasını dəyişmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, valideyinlərinə səbr arzulayıram.
Oyuna gəlincə, keçirdiyimiz dörd yaxşı matçdan sonra belə bir ssenarinin yaşanacağını hardasa hiss edirdim. “Qəbələ” meydanda bu gün daha yaxşı çıxış etdi. Təbrik edirəm. Əslində, belə hallar oıur. 5-6 yaxşı oyundan sonra bunu gözləyirdim. O da gəldi “Qəbələ” ilə matça təsadüf etdi. Bu gün yaxşı şanslarımız oldu, yararlana bilmədik. Ona görə də, nəticə gətirib məğlub olmağımıza çıxardı.
Yusif İmanovu hazır görməyiblər ki, milliyə çağırmayıblar. Bu gün mənim üçün güclü görünən, başqası üçün hazır olmaya bilər. Hər kəsin fikrinə hörmətlə yanaşıram.
Azarkeşlərdən biri dəstək vermək üçün düşmüşdü yanıma. Mənə bildirdi ki, “Azər müəllim, ürəyini sıxma, hər şey yaxşıdır”. Ən az legioner oyunçu olan komanda bizik. Pərən-pərən olmuş komandanı toparlayıb, xallar qazanmağa çalışırıq. Qarşıda hələ 7 tur var.
Rəhbərliklə söhbətimiz olub. Hələ müqavilə bağlamamışıq. Büdcə məsələsi açıqlandıqdan sonra planımız üzrə davam edəcəyik”.