
Aktaudan 10 medalla
- 12 Okt 2025 21:17
- 42
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə açıq Asiya Turniri başa çatıb.
Rekord.az xəbər verir ki, son yarış günündə milli komandamızın daha 4 üzvü fəxri kürsüyə qalxıb.
Qadınlar arasında -70 kq çəki dərəcəsinin finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medalı boynundan asıb.
-78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb. Kişilərin mübarizəsində Elmar Qasımov (-100 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, ötən gün Tofiq Məmmədov (-60 kq), Gültac Məmmədəliyeva (-52 kq) qızıl, Hüseyn Allahyarov (-60 kq), Ülviyyə Bayramova (-57 kq) gümüş, Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) bürünc medalla yadda qalıblar.
Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.