“Abşeron Lions”a qarşı oyun bütün mövsümün icmalı idi”
- 19:40
- 37
"Abşeron Lions"a qarşı Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin ikinci oyunu "Şəki" üçün bütün mövsümün icmalı idi.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis 94:105 hesabı ilə uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bugünkü matç əslində bizim üçün bütün mövsümün icmalı idi. Yaxşı oynadıq, mübarizə apardıq, amma sonluğa gücümüz çatmadı. Bu mövsüm hər şey bizim üçün belə oldu. Sonadək döyüşdük, pley-off hədəfimizə çatdıq, amma bura qədər imiş. Yaxşılar ayaqda ölər. Biz bu şəkildə sona qədər əlimizdən gələni etdik".
B.Meriç komanda üzvlərinə təşəkkür edib:
"Bu mövsüm bütün zəhmətləri üçün oyunçularımın hər biri ilə fəxr edirəm və onlara minnətdaram. 2 il burada olduğum müddətdə sonadək yanımda olub, zəhmət çəkən komanda heyətinin hər birinə ayrılıqda ürəkdən təşəkkür edirəm. Bundan başqa, Azərbaycan Basketbol Federasiyasına bu mövsüm bizə göstərdiyi dəstək üçün minnətdaram".
Xatırladaq ki, ilk görüşdə 109:78 hesabı ilə üstün olan "Abşeron Lions" yarımfinala yüksəlib.