
Yüksək Liqada mövsümə yekun vuruldu
- 29 May 2025 21:31
- 83
Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bununla da çempionatda 2024/25-ci illər mövsümünə yekun vurulub.
Son turda ilk qələbəni “Şuşa” qazanıb. “Yasamal Bakı” isə mövsümü xal qazanmadan başa vurub. Günün ikinci oyununda çempionluğu bir tur əvvəldən təmin etmiş “Araz-Naxçıvan” gənclər millisinin üzvlərinin yer aldığı U-19-la oyunda darmadağına imza atıb. “Baku Fire” isə “Neftçi” ilə oyunda qələbə qazanmaqla gümüş medalları təmin edib.
Sonuncu oyunun ardından mükafatlar təqdim olunub. Əvvəlcə son matçı idarə edən hakimlər – Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, diplomlar, çempiona kubok təqdim olunub.
Komandaları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıblar.
Qeyd edək ki, 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmda məlum olacaq.
Şuşa – Yasamal Bakı 10:4
Araz-Naxçıvan – U-19 22:1
Baku Fire – Neftçi İK 2:1