Yenə Riad Rəfiyev: Prosineçki ilə danışıq aparmaq üçün Türkiyəyə gedir?
- 14 Dek 2019 17:00
- 1254
AFFA İcraiyyə Komitəsi bu gün Nikola Yurçeviçin millinin baş məşqçi postundan uzaqlaşdırılmasına qərar verdi.
Əslində isə federasiya ötən ayın sonundan etibarən xorvatiyalını əvəzləyə biləcək namizədlərin siyahısını toplamağa başlayıb. Onların içində ən çox şansı olan Robert Prosineçkidir və qurumun nümayəndələri artıq bir dəfə onunla görüşüb.
Rekord.az xəbər verir ki, Yurçeviçin həmyerlisi AFFA-nın işini çətinə salıb. Belə ki, yaxınlarda Bosniya və Herseqovina yığmasından istefa verən çalışdırıcı əvvəl razılaşdığı müqavilə şərtlərinə təzəlikcə "yox" deyib.
AFFA-nın təklif elədiyi 3 illik müqavilə müddəti onu qane eləsə də, maddi tələblərini yüksəldib. Xorvat mütəxəssis 1,5 milyon dollarlıq illik maaşı indi özü üçün az sayır. O, bu rəqəmin 1,7-2 milyon dollar civarında qaldırılmasını istəyib.
AFFA bu məqsədlə "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə xüsusi tapşırıq verib. Nikola Yurçeviçin yığmaya təyinatında da vasitəçilik edən Rəfiyev Prosineçki ilə danışıqlar aparmaq üçün təlimatlandırılıb.
Menecerlik işində təcrübəli olan Riad bəyin yaxınlarda bu məqsədlə ölkə xaricinə çıxması qərarlaşdırılıb. Tərəflərin Türkiyədə bir araya gəlməsi nəzərdə tutulub.(sportinfo.az)